Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin professorları Ramazan Durmaz və Gül Durmaz Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyində olublar.
   Muzeydən bildirilib ki, görüşdə böyük şair-dramaturq Hüseyn Cavidin (1882-1941) həyat və yaradıcılığı, Cavidlər ailəsi barədə məlumat verilib, görkəmli sənətkarın “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s. ölməz əsərlərinin əhəmiyyəti vurğulanıb. Qardaş ölkənin alimlərinə “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”, “Cavidşünaslıq” və s. nəşrlər haqqında ətraflı bilgi verilib.
   Sonra türkiyəli alimlər muzeyin eksponatları ilə yaxından tanış olublar.