XVII əsrin ispan mütəfəkkiri Baltasar Qrasianın “Kamillik elmi” fəlsəfi traktatı neçə yüzillərdir ki, ən oxunaqlı kitablardandır. Bu kitabda 300 məsləhət toplanıb. Düzdür, Şərq müdrikliyi, onun ayrılmaz kəsimi olan Azərbaycan türk müdrikliyi ilə tutuşdurmada bu gün onun çox fikirləri bayağı görünür. Ancaq müdriklik bəşəri bir dəyər kimi bütün xalqların, insanlarındır. 
   Onun fikrincə, insan öyrəndikcə daha çox insan olur. Müdrik adam böyükdür. Cahil üçün dünya zülmətdir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik də dəyərsizdir. 
   Filosofun gözlənilməzlik haqqında fikirləri maraq doğurur: “Gözlənilməzlik uğurların özülü, köküdür. Başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin sənin ürəyinə soxulmasına yol vermə. İstəyi açıqlamaq onu yox etməkdir, belədə onun çatışmazlıqları qabaqcadan üzə çıxa bilər, uğursuzluğa düşməksə ikiqat zərbə olar”. 
   Qrasian hesab edir ki, insan yetkin doğulmur, ancaq o təkmilləşərək yetkinliyə çata bilər. Bu özünü zövqün incəliyində, ağılın itiliyində, sözlərin tutarlılığında, istək və diləklərin duruluğunda göstərir. 
   “Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə ol”, - deyir filosof. Ona görə ki, dostlarınla ünsiyyət sənin üçün məktəb olsun. 
   “İnsan həyatı insan fitnəsi ilə mübarizədir. Hiyləgər adamın dirənişi də pis istəklədir. Ağıllı adam bu gedişləri duyur və göz qoyur. Deyilənlərin əksini araşdırır və bir andaca aldadıcı gedişi tutur. İç üzünün açıldığını görən hiyləgər çalışmalarını ikiqat artırır, aldatmaq üçün həqiqətin özünə söykənir. Aldadıcılıq səmimilik, dönüklüksə ürəyiaçıqlıq donu geyir”, - bu da qərbli müdrikin anlamlı fikirlərindən biridir. 
   Bəs, xoşbəxtlik nədir? Qrasianın fikrincə, bunun çox yolu var, amma müdrik üçün bunun azı yararlıdır. Çoxları saymazyana fələyin qapısı ağzındaca durub taleyin onların üzünə güləcəyi anı gözləyirlər. Başqaları isə cəsarətlə özlərinə yol açıb qabağa gedirlər və öz bacarıqlarına arxalanırlar. Ona görə ki, insan çalışmaqla xoşbəxtliyin qanadlarından tuta bilər. Kamillikdən böyük xoşbəxtlik, ağılsızlıqdan pis bədbəxtlik yoxdur. 
   Qrasian göstərir ki, kamil olmaq üçün ən kiçik nöqsanı öldürmək gərəkdir: “Kamilliyin ən böyük işartısı ən kiçik çatışmazlıqdan, əyintidən yaxa qurtarmağı bacarmaqdır. Çox az adam tapılar ki, nədənsə axsaqlığı olmasın. Günəşin üzünü tutmaq üçün kiçik bir bulud da yetər. Ona görə də kiçik bir çatışmazlıq insanın böyük işlərinin gözəlliyini poza bilir”. 
   Onun sözlərinə görə, böyüklüyün, ucalığın canı miqdarda yox, keyfiyyətdədir. İnsanlar arasında pəhləvanlar boyu, cırtdanlar ağlı ilə seçilirlər. Çoxları kitabları qalınlığına görə dəyərləndirirlər, sanki kitab ağılın yox, əllərin işləməsi üçün yazılır. Birtərəfli olmaq insanı orta səviyyədən yuxarı qaldırmır, hərtərəflilik də yarımçıqlıq yaradır. Yalnız dərinə gedən insan üstün olur. 
   “Hamı üçün yaxşı olmağa çalışma”, - deyir müdrik. Bunun üçün ağıllı adam gərəksiz yerə öyülməsindən çəkinməlidir. Anlayış və düşüncələrinin hamı üçün başadüşülən olmasından qaçmaq gərək. 
   Filosofun “Uğursuzluq gicliyə görə verilmiş cəzadır. Kiçik bədbəxtliyə qapı açma, onun ardınca daha böyükləri, sarsıdıcıları gələcək”, - fikirlərinə heyran olmamaq mümkün deyil.
   O deyir ki, mənasız işlər adamın vaxtını yeyən güvəyə oxşayır. Ağıllı adam heç kimin zəhləsini tökməz. Ona görə də elə etmək gərəkdir ki, sənin də zəhləni heç kim tökməsin. Ağıllı adam üçün kin bəsləməkdən böyük rüsvayçılıq yoxdur: “Öhdəliklər isə ağlı aldadır, belədə uğur qazanmaqdansa, qaçmaq yaxşıdır. Hər öhdəlik öz ardınca başqasını - daha böyüyünü dartıb gətirir ki, bununla da hansısa məqamda ilişib qalırsan. Ağıllı adamlar heç zaman öhdəlik götürməzlər, bacarmadığı işdən yapışmazlar. Onlar qalib gəlməyi yox, ilişib qalmamağı böyük uğur sayırlar”. 
   Adam var ki, üzündən saraya, içəridən komaya oxşayır: “Burada sığınacaq tapacağına aldanma, onunla heç nə danışa bilməyəcəksən, salamlaşdıqdan sonra sözü qurtaracaq. Düşüncə qaynağı olmadıqda söz də tez tükənər. Belələri yalnız özləri kimilərin ağlını başından çıxara bilərlər. Müdrik belə keçici şeylərə bel bağlamaz”. 
   Heç vaxt özündən çıxmamaq mümkündürmü? “Özünü idarə etməyi bacar ki, nə xoşbəxtlikdə, nə də bədbəxtlikdə özünü ələ ala bilmədiyinə görə qınamasınlar”, - söyləyir Qrasian.
   Bu kəlam isə çox qiymətlidir: “Gözəl bacarığı olan, amma qorxaq adamların çoxu elə qorxaqlıqları içərisində basdırılmış ölü kimidirlər. Ölü şiri dovşanın təpikləməsi kimə gərəkdir?” 
   Filosofun fikrincə, həmişə yenidən parlamaq üçün ehtiyatda nəsə saxlamaq gərəkdir. Hər gün yenilik yaradan adamdan çox şey gözləyirlər və onun xəzinəsinin sonsuz olduğuna inanırlar. Nəyin varsa hamısını açıb göstərsən, sonra heç kimi heyrətləndirə bilməyəcəksən...
   
   S.Qaliboğlu