XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitinə Avropa təfəkkür tərzi ilə nəzər yetirən o qədər də çox ziyalı ədib yox idi. Daha çox ədəbiyyat və mətbuat sahəsində fəaliyyət göstərən, yaxud da mətbuatla bu və ya digər səviyyədə əlaqəsi olan bəzi şəxsiyyətlər zamanı üçün yeni, nüfuzedici fikirlərinə görə fərqlənirdi. Bu cəhətdən Azərbaycan ədəbi-ictimai mühitində Məhəmmədağa Şahtaxtlı ilə Əli bəy Hüseynzadə, Hüseyn Cavid və başqalarının fəaliyyəti xüsusilə diqqəti çəkirdi.
   
   Azərbaycan, eləcə də bütün türk dünyasının elmi-mədəni mühitində yazıçı, jurnalist, müəllim, ictimai xadim, tərcüməçi və həkim kimi adlarla qeyd olunan Əli bəy Hüseynzadə (1864-1940) hər şeydən öncə ədəbiyyatımızda romantizm ədəbi cərəyanının yaradıcısı kimi tanınmaqdadır. O, ideya-estetik görüşlərinin tutarı və sanbalı ilə türk xalqlarının taleyi və gələcək inkişafının əsas istiqamətlərini çox dəqiqliklə ifadə etmişdir. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı türk-islam birliyi ideyasını gündəmə gətirən görkəmli türkçü ömrünün sonuna qədər bu amallarına sadiq qalmışdır. 
   Mütəfəkkir şair, dramaturq Hüseyn Cavid (1882-1941) müasirləri içərisində daha çox Ə.Hüseynzadədən təsirlənmişdir. Eyni zamanda Cavidin ideyalar aləmini, dilini və sənətini ilk dəfə obyektiv qiymətləndirənlərdən biri də Ə.Hüseynzadə olmuşdur. O, qələmli romantik kimi ədəbi məfkurəmizin əsas istiqamətlərindən olan romantizmi və ona səs verən, inkişaf edib zənginləşməsində mühüm rol oynayan Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqa şair və ədibləri ardınca aparmağa nail ola bilmişdir. Bu şairlər içərisində Ə.Hüseynzadə ideallarına əsaslanan, onun estetik maraqları üzərində mükəmməl örnəklər qələmə alan isə H.Cavid oldu. 
   Ə.Hüseynzadə çarizmin və kommunizmin “yasaq etdiyi “türk” və “islam” sözlərini nəinki “Həyat” qəzetinin sərlövhəsindən çıxarmadı, o hətta bu qəzetlə türk xalqlarının “türk” adını təsdiqlədi, türkün kimliyini bərpa etməyi və qorumağı günün təxirəsalınmaz vəzifəsinə çevirdi”. Cavid də “tatarlaşdırılan” Azərbaycan türklərinin özünəqayıdış problemini müxtəlif əsərlərində dönə-dönə ortaya qoyurdu. Ona görə də Cavid əfəndi şəxsiyyəti və yaradıcılığı ilə Ə.Hüseynzadə ideallarının fövqünə yüksələ bildi.
   Cavidin ədəbi-nəzəri və estetik düşüncəni dərindən duyub mənimsəməsi, orijinal əsərlər yaratması, eyni zamanda Avropa modelinə əsaslanan yeni forma-strukturun mövzu-problemə tətbiqi ilə nəticələnmişdi. Cavidin Şərq-Qərb düşüncəsi kontekstindəki yanaşmaları onu Əli bəylə birləşdirirdi. 
   Bəlli olduğu kimi, Ə.Hüseynzadənin bir tərəfdən aldığı mükəmməl ali təhsil, gəzdiyi Avropa ölkələri, digər tərəfdən türk xalqlarının tarixi taleyi ilə bağlı aydın təsəvvürləri rus və ruspərəst ideoloqları 70 ildən çox bir zaman kəsimində daha da ehtiyatlı olmağa vadar etmişdir. Türkiyədə, Rusiyada və Qafqazdakı şöhrəti və nüfuzu ona olan “qibtə hislərini gücləndirmiş”, ciddi rəqibə çevirmişdi. Ancaq Ə.Hüseynzadənin təbliğat və məfkurə maşını irəliləməkdə, əks-səda doğurmaqda idi. H.Cavidin də 1930-cu illərin burulğanında günahlandırıldığı birinci və vacib əsas - Türkiyə ilə bağlılığı, geniş mənada turançılığa sonsuz rəğbəti idi. Türk qövmlərinin birliyi ideyasına səs verən Cavid bu böyük türkçünün - Əli bəyin ideya maşınına əyləşməkdə haqlı olduğunu öz əməli fəaliyyətində ömrü boyu ortaya qoymuşdur. 
   Bu iki ədəbi simanın qaldırdıqları problemlər əsasən bir-biri ilə səsləşirdi. Böyük ədib Ə.Hüseynzadə göstərirdi ki, xalqların səfalətinin, əzilməsinin birinci səbəbkarı onların elmsizliyi, ətalətidir. 1906-cı ildə “Füyuzat” dərgisinin birinci sayında “Dəli şair” imzası ilə dərc etdirdiyi “Heyrət, yaxud, bir mələyin insanlara xitabı” şeirində yazırdı:
   
   Səmadan bir mələk heyrətlə der: İnsanlar! İnsanlar!
   Nədir bu, ruyi-ərzi qaplıyor al qanlar, insanlar!
   Şəhid etdiyiniz ixvanınızdan almasın fəryad!
   Əcəb kimdir şu xunalud olan bicanlar? İnsanlar.
   Ölən kim, öldürən kim, zülm edən kim, ağlayan kimdir?
   
   Cavidin 1915-ci ildə qələmə aldığı “Qürubə qarşı” şeirində şeytana uymuş adəm övladının pul, sərvət düşkününə, seçilmiş başçıların isə “iyirminci əsrin müstəbid övladı”na çevrilməsi şairdə böyük narahatlıq və üsyan yaratmışdı:
   
   Böyük başlar dumanlanmış da, atəş püskürür hər an
   Qılınclar, süngülər, toplar, tüfəklər gürləyib parlar.
   Nə istər bir-birindən anlaşılmaz, sayğısız insan!?
   ...Fəqət bunlar bu dəhşətlər, bu vəhşətlər niçin bilməm?
   Əcəb xalimi insafü-mürüvvətdən bütün aləm!? 
   
   Avropa ədəbi-nəzəri düşüncəsini mükəmməl mənimsəyən Ə.Hüseynzadə onun mütərəqqi ənənələrini ilk dəfə olaraq ədəbiyyatımıza gətirmişdir. Məhz onun tərcüməsində Azərbaycan oxucusu Hötenin, Şillerin və başqa Avropa ədiblərinin əsərləri ilə tanış olmuş, Tolstoy və tolstoyçuluq fəlsəfəsinin mahiyyətini anlamışdır. O, “Füyuzat” dərgisinin 1906-cı il 5-ci nömrəsində “Şiller” adlı ayrıca məqalə dərc etdirmişdir. Azərbaycanda teatrın inkişafı problemini özündə əks elətdirən bu yazıda müəllif “aktyor Mehdi bəy Hacınskinin tərcümə etdiyi Şillerin “Qaçaqlar” faciəsini nümunə göstərib ziyalıları bu işdə aktivlik göstərməyə dəvət edirdi”. Bu məqalə sanki yetişməkdə olan gənc ədiblər üçün bir proqram xarakteri daşıyırdı. Təbii ki, Əli bəyin estetik meyarı dövrünün, son dərəcə həssas söz ustadı Cavidin diqqətindən yayına bilməzdi. Cavid əfəndinin yaradıcılığında dərin kök atmış “əbədi sevgi”, “insan sevgisi”, “insan azadlığı” geniş mənada ustadının təbliğ etdiyi, meyar seçdiyi “nicat məhəbbətdədir”, “əbədi sülh, əbədi sevgi”, “əql olarsa, hürriyyət də olur” kimi ideyalarından impuls götürürdü. 
   Maraqlıdır ki, Əli bəy öz qələm ardıcıllarının da taleyinə biganə deyildi. Xüsusilə də H.Cavidin poetik vüsəti Əli bəyin diqqətini çəkmişdi. Cavidə birmənalı münasibətin olmadığı bir zamanda, yəni 1925-ci ildə “Yeni yol” qəzetinin 12 yanvar sayında “Ədəbiyyatımızda Cavid” adlı ayrıca məqalə yazmış və dramaturqun ədəbiyyatımızdakı yeri və rolu haqqında fikirlərini belə izah etmişdir: “Əcaba bizim ədəbiyyatımızda Cavid nə yapdı? Bu suala cavab vermək üçün az-çox təfsilata lüzum vardır. Cavidə qədər Azərbaycan ədəbiyyatında şair yox deyildi. Vardı. Lakin bunlar Cavid kimi yeni “Cavid”in lisanındakı müvəffəqiyyəti əldə edə bilmədilər... Cavidə qədər bizə, türk lisanını əruz vəzninə layiqi ilə tətbiq edən yox deyilsə səzadır... Cavid incə ruhlu bir şair olmaq ilə bərabər türk dilini əruz vəzni ilə qarışdıran və bir-birindən ayrılmaz bir hala salan sənətkardır”. 
   Unutmamalıyıq ki, Əli bəy hər ədib haqqında “sənətkar” ifadəsini işlətməzdi. Bunu vaxtilə ustad Mirzə Cəlil də vurğulamışdı. Böyük ideoloqun gəldiyi qənaətlər təsadüfi deyildi. Çünki «Füyuzat» ədəbi məktəbinin hüdudlarında romantizm ədəbi cərəyanı formalaşırdı ki, bunun da ədəbi sferasında Cavid kimi söz nəhəngi manevrlər edirdi.
   Bütün yer kürəsində irqçilik, dinçilik və məzhəblərin yaratdığı bəlalar yer üzünün əşrəfi sayılan insanın faciəsini şərtləndirirdi. Ə.Hüseynzadə kimi Cavid də bu qənaətdə idi ki, “Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi bəşər”. Bu “məsud”luq üçün təkcə din birliyi kifayət etmirdi. Əli bəyin fikrincə, insanlar təbiət, cəmiyyət hadisələrinə, qanun və qanunauyğunluqlarına ayıq şəkildə nüfuz etmədikcə, mənəvi kamilliklə maddi inkişaf səviyyəcə yaxınlaşmadıqca insan oğlunun azad yaşayışı da absurddur.
   Əli bəy bu xüsusda yazırdı ki, insanların tarixi faciələrin məngənəsində qalmaması üçün elm adamlarının, qələm əhlinin üzərində böyük məsuliyyət var. Bu məqsədlə “Həyat” qəzetinin 1906-cı il 127-ci sayında çap olunan “Ey qələm” adlı məqaləsində yazırdı: “Sevgili qələmim, sənin də üləmaların vəzifələri kimi böyük-böyük vəzifələrin var. Sən də gərək o fazili-möhtərəmin adını səhayifi-tarixdə hörmətlə yad edəsən. Millətimizi, üləmamızı dəvət edəsən, onlar sənin dəvətinə qulaq vermərsə, fəryad edəsən, ah-nalə edəsən, bəlkə bu dərd-qəmlərimizə əlac ola. Yoxsa sən də, biz də məhv olub gedəriz”. Müəllif bu ali vəzifəni dərk edə-edə Vətəninin və millətinin taleyi üçün özünü və qələmini “günahkar sayırdı”.
   Türkləşmək, islamlaşmaq və avropalaşmaq ideyasının konturları daxilində türk ümmətinin inkişaf strategiyasını müəyyənləşdirən Ə.Hüseynzadə ilk növbədə türk xalqlarının ictimai-siyasi fikir tarixinə özünüdərk problemini gətirmişdir. Cavid də bir-birindən mənalı və aktual mövzulu əsərləri ilə bu “ali üçlüy”ün estetik prinsiplərini özündə əks etdirən ideyaları ilə sələfinin yolunu layiqincə davam etdirmişdir.
   Əli bəyin məşhur “Siyasəti-fürusət” traktatı oçerklər şəklində 1908-1910-cu illər arasında çap edilmişdir. Əsərdə müsəlman Şərqinin böyük siyasətdə uduzmasının əsas səbəbləri göstərilmiş və gələcək dramaturqlara tarixə müraciət etmək üçün maraqlı mövzular təqdim olunmuşdur. Bu mövzulardan çox böyük ustalıqla istifadə edən H.Cavid romantik ədəbiyyatımızda xüsusi bir mövqedə dayanmış Əli bəyin rəmzi mənada qələmə aldığı bir sıra tarixi obrazları özünün faciələri üçün bədii qəhrəmanlar şəklində ədəbiyyatımıza gətirmişdir. 
   Cavidin “Uçurum” əsərində səyahətə çıxan türk gənclərə filosof Əkrəm ən ideal ünvan kimi bu məkanları nişan verir:
   
   Səyahətdən zevq alan bir türk için
   Krım yalıları, İdil boyları,
   Qafqaz dağları, şanlı türk soyları,
   Birər sərgidir - seyrinə doyulmaz...
    
   Cavid də ustadı kimi Turan birliyinin parçalanması təhlükəsini hiss edərək “Topal Teymur” əsərində Divanbəyinin dilindən belə deyirdi: “...Hər ikiniz Turan aləminin birər qütbüsünüz. Bu iki qütb bir-birilə çarpışarsa, ortaya fəlakətli bir uçurum açılmış olar. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi dövlətlər türk dünyasına saldırmağa fürsət bular”.
   Ə.Hüseynzadənin ədəbi-nəzəri fikir karvanı, Cavid də daxil olmaqla, bütün romantikləri ucalara daşımağa xidmət etmişdir. Cavid 1907-1908-ci illərdə hələ İstanbulda ikən Əli bəyin naşiri və redaktoru olduğu “Füyuzat” dərgisi ilə əməkdaşlıq etmiş, “Bir ahi-məzlumanə” şeiri bu jurnalda çap edilmişdir. Eyni zamanda Cavidin “Çiçək sevgisi” şeiri də məhz möhtərəm ustadına həsr olunmuşdur. 
   Onu da qeyd edək ki, Cavidin yaradıcılıq təkamülünü ardıcıl izlədikdə bir nəticə hasil olur ki, o, nə qədər Ə.Hüseynzadənin ideya məktəbində yetişsə də, romantizm estetikasında öz sələfini çox-çox geridə qoymuşdur.
   Ə.Hüseynzadənin vətən sevgisi, yurda bağlılığı, milli fikir yükü Caviddə də dönməz bir əqidə ilə xalqını sevdirməyə, onun ucalığını car eləməyə yüksək və heç zaman batmayan, tükənməyən səs yaratmışdır. Bu səs bütöv türk qövmlərinin taleyi, tarixi, qəhrəmanlığı, uğuru və uğursuzluğu, sevinci, niskili kimi rəngarəng anlayışları, gerçəklikləri oyadıb yaşatmağa, dünya ədəbi-ictimai fikrinə tanıtmağa böyük təkan vermişdir.
   Sovet dövrü ədəbiyyatşünaslığında, habelə ali məktəb dərsliklərində Ə.Hüseynzadəni mürtəce, H.Cavidi isə mütərəqqi romantizmin nümayəndəsi kimi xarakterizə etmişdilər. Əsassız olaraq fərqləndirilsələr də, hər iki ədibin amalı Azərbaycan xalqının gələcək taleyi və rus əsarətindən xilasının yolları, geniş anlamda müsəlman Şərqi idi.
   H.Cavid böyük ustadından aldığı qeyri-adi ideya gücü, bir də əlahiddə istedadı ilə bu “imanlı qoca” ilə çiyin-çiyinə addımlamaq hüququ əldə etsə də, Əli bəy kimi ana yurdundan çox-çox uzaqlarda haqq dünyasına qovuşdu.
   Hər iki dahi insanlığın həyat və işıq karvanına bələdçilik edə-edə, Cavid demişkən, “yüksəldilər, yüksəldilər, qeyb oldular, qeyb oldular”.
   
   Fariz Yunisli