Rusiyalı DJ-lər məşhur mahnımızın kaver versiyasını yaradıblar
   
   Rusiyanın DJ-ləri Matuya və Roma “Yadındamı, ötən günlər” mahnısının kaver versiyasını yaradıb və klip çəkiblər. Mahnının sözləri Xalq şairi Bəxtiyar Vahabzadəyə, musiqisi Xalq artisti Xəyyam Mirzəzadəyə məxsusdur.
   Layihə haqqında danışan DJ-lər deyiblər: “Hər şey ondan başladı ki, biz Bakıya gəldik, yerli qonaqpərvərlik və şəhərin əsrarəngiz gözəlliyi bizi heyran etdi. Biz dərhal, bu şəhər üçün nə isə etmək fikrinə düşdük və bir iz qoymaq istədik. Musiqiçi olduğumuzdan buranın yerli musiqi tarixi ilə maraqlanmağa başladıq. Bu tarixin inanılmaz dərəcədə zəngin və fərqli olduğunu gördük. İctimai bir layihə başlamaq fikrinə gəldik və köhnə, hamı tərəfindən bəyənilən mahnıların yeni stildə kaver versiyasını yaratmaq qərarına gəldik. 
   İlk belə mahnı Oqtay Ağayevin ifasında səslənən “Yadındamı, ötən günlər” mahnısı oldu. Uzun müddət bu mahnı üçün ifaçı axtardıq və belə bir qərara gəldik ki, bu mütləq bakılı olmalıdır. Bu, hələlik məşhur olmayan, lakin istedadlı və müasir ifanın incəlik və tendensiyalarını yaxşı bilən Fuad Nəbiyev oldu”.
   Klipin rejissoru Vaso Karayev və Matuya, operatoru Ramin Niftəliyevdir.