Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə 35-ci Vaqif poeziya günü keçirilib.
   Görkəmli şair, ictimai xadim Molla Pənah Vaqifin adını daşıyan xatirə muzeyində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqalları, şair və yazıçılar iştirak ediblər.
   Muzeyin direktoru Məhruzə Hüseynova, bələdçi Şamama Qocayeva Vaqifin həyat və yaradıcılığından söz açıb, muzeydəki eksponatlar barədə ətraflı məlumat veriblər.
   AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal bildirib ki, bu poeziya günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər il qeyd olunur.
   Bildirilib ki, Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixində sərəncam imzalayıb. Vaqifin adı həmçinin UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib, bu il TÜRKSOY təşkilatı tərəfindən üzv ölkələrdə “Molla Pənah Vaqif ili” elan olunub. Bu münasibətlə il ərzində çoxsaylı tədbirlər keçirilib.
   Diqqətə çatdırılıb ki, M.P.Vaqifin 300 illik yubileyi rayonda böyük təntənə ilə qeyd olunub, şairin doğulduğu Yuxarı Salahlı kəndindəki abidəsi əsaslı şəkildə bərpa edilib.
   Sonra şairlərdən Səhlədar Hidayətoğlu, Zaməddin Ziyadoğlu, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif ədəbi məclisinin sədri Saqif Qaratorpaq, Tamella Poladlı, Bilal Qoca, Məzahir Yaqub, gənc şairlərdən Elnur Süleymanlı öz yeni şeirlərini oxuyublar. Şairin şeirləri aşıqların ifasında səsləndirilib.