Azərbaycanımızın böyük sənət “Karvan”ının müəllif-sarbanı... 
   
   Azərbaycan musiqi mədəniyyəti tarixinə özəl-özünəməxsus bəstəkar istedadı, “tələbə-tələbatlı pedaqoq” məharəti, kristal ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünyagörüşülə də fərqlənib. Bu bəstəkarı “musiqi peyzajları” kimi ifadələrlə renessans rəssamlarına bənzədənlər, ən ibtida xəyalatlar oyadan notlarına görə “canlı bayatı” adlandıranlar da olub. 
   Böyük yaradıcılıq yoluna 30-cu illərin axırlarında qədəm qoymuş bəstəkar, elə ilk taktlarından etibarən, “səsi sonralar çıxası” Q.Qarayev, Niyazi, F.Əmirov kimi gənc istedadlar nəslinin seçkinlərindən olub. Dövrün bu “azman uşaqları” böyük “Üzeyir bəy Səltənəti”ndən dünyəvi (Rossini, Vivaldi, Motsart, Bethoven, Şostakoviç...) ənginliklərə pərvazlanıb, hər biri ayrıca bir ad, oda sahibi oldu...
   Əsrin 40-cı illərinin əvvəllərində bu gənc “atom”ların ən gur “partlayış”çılarından olan Soltan bu dünyəvi “irəli”ləyişdən “geri”ləyişə varmalı olur; müasir musiqi aləmində yenicə-yenicə dirçəlməkdə olan Tükmənistan SSR-in sifarişilə “Kəminə və Qazı” operasını yazmağa başlayır. Lakin (izahı çox “su” aparan) səbəblərdən, opera başa çatdırılmamış qalır və... bu səhnə əsərindəki parçalardan biri (Orta Asiya mənzərələrini qeyri-adi ustalıqla obrazlaşdırdığı bir orkestr lövhəsi) əsasında işlədiyi “Karvan” simfonik lövhəsilə (1945) Azərbaycan musiqi mədəniyyətinin növbəti şedevrini yaratmış olur. On il sonra maestro Niyazinin dirijorluğu ilə lentə alınan və dayanıb-durmaz dünya səyahəti başlayan bu əsər zaman-zaman Azərbaycan ünvanına ürəkdolusu “bravo!”lar, müəllifinə səhifə-səhifə rəğbət-heyrətnamələr gətirmişdir ki, onlardan ən yığcamı (və obrazlısı) ABŞ-ın məşhur skripkaçısı Sidney Hortun məktubu: “Sizin “Karvan”ınız çox cazibədardır! Qədim dünyadakı karvanların ən əntiqyüklüsü hesab etdiyim bu gözəl əsərin gözəl instrumentovkası da müəllifəlayiq bir aləmdir! Həyat eşqilə dopdolu bu əsəri biz - Çikaqonun “Evanston” orkestri böyük məharət və məhəbbətlə ifa etdik...” 
   Qeyri-adi istedad saya-mayalı Hacıbəylilər şəcərəsinin bu -
   
   Bu növbəti isimi -
   
   öz ecazkar “Karvan” sarbanlığıyla - dibsiz milli keçənəklərimizi sonsuz gələnəklərimizə daşıyanlardan biri oldu. Həm də haçandan?! Məhz 1945-ci ildən - hələ əsasən musiqi aləminə mənsub “akkord” termininin “Böyük Vətən müharibəsi” adlandırılan tragi-“simfoniya”ya dair də işləndiyi çağlardan. Özü də, belə demək mümkünsə, “ixracat”la; istedad və qeyri-adi qabiliyyətinə bələd olan SSRİ “geridəqalmışları”ndan birinin sifarişilə. 
   Bəli, “Kəminə və Qazı” dastanını operalaşdırmaq qərarına gələn Türkmənistan Opera və Balet Teatrının rəhbərliyi bunu layiqincə reallaşdırası bəstəkar sorağına çıxır. Məşvərət-məsləhətçilərin əksəri xeyli əvvəl Özbəkistanın ilk dövlət himnini yazmış “Üzeyir Hacıbəyli” adı üzərində dayansa da, musiqi mütəxəssisləri hələ tələbəliyə qədər bir kantata, ikinci kurs tələbəsiykən “Qızılgül” operettası yazmış Soltan Hacıbəyovun adı üzərində dayanır. 
   Həmin operanın “alınmaması”ndan doğulan, mayasında “ağca maya”, “əsrik nər” deyilən canlı “nəqliyyat” obrazları olan bu büsbütün bənzərsiz əsər daha nələr sərgilər?.. Mədəniyyət, sənət, incəsənət, zər-zəriflik yükü altında uzun yolları yaxın, xəyalları baxım edən, “yaxını otlayıb, uzağı gözləyən”, sahibinin birinci himi ilə xıxan, ikinci hoyruğu ilə yol götürüb axan dəvələr... 
   Eşidirsiz, - bu nəğmə-lövhənin üçüncü keçidindəki xiffət dolu sədanı? Uzun-uzun yollardan yorulub... dayanıb... üzügeri baxınıb... bozlayan əsriyin səsini? Axı, bu lövhə tək elə gözəllik, estetik harmoniya naminə yaradılmayıb. Bu səfər - həm də tarixi ünvan-binə xüsusunda. “Predmet”i də ki, ticari... Biri-birindən gözəl, gah yupyumşaq, gah nər zərbli taktlar... Bu “do-re-mi-fa”ların müşayiətilə gah pəncələrinin uclarını, gah dabanlarını qumlu-qumsal səhralara vura-vura... Düzəngahlarda - “sünbülündən su daman” zəmilərə, dənizlərdə - göyərtəsi “tufandan çıxıb sahil görmüş” sevinərlərlə dolu gəmilərə bənzər karvan... 
   Bunların hamısını (?) bir əsərdə peyzajlayıb, portretləşdirmək nə demək?.. 
   Bu əsərdə dastanların, müqtədir rəssam fırçalarının, dahi ədib qələmlərinin ara-ərsəyə gətirəmməyəcəyi lövhələr... 
   Bu əsər hansısa 25-26 yaşlı bir gəncin düşüncə məhsulundan çox, həmin rəqəmlərin sonluğuna bir neçə sıfır artırılmış illərin səfər qatarlarına, təkər erasından öncəki nər-nəqliyyat aləmi sədalarına bənzər... 
   Bu əsərdə epoxal nasirlik, qlobal şairanəlik, ərəb-əcəmi mentallıq, dünyəvi sentimentallıq... 
   Taktları qafiyələnmiş, keçidləri ovsar-ovsar zəncirlənmiş, obrazları yüzcürlənib, xəyalları mincürlənmiş...
   Və nəhayət, -
   
   Bu yaradıcının 
   yaranışından...
   
   1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib, 1930-da sənət-mədəniyyət dünyası Bakıya köçən S.Hacıbəyov əmisi Ü.Hacıbəyli dünyasında - canlı məktəb-təlim-tərbiyə dairəsində böyümüş.
   Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan Soltan Musiqili Komediya Teatrında dirijor kimi də çalışır və onun yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. İlk əsərinin - xor və simfonik orkestr üçün “Pioner kantatası”nın uğuru onu musiqili komediya yazmağa da ruhlandırır. “Qızılgül” əsəri böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Konservatoriya təhsili illərində seçdiyi sənətin texnikasına daha dərindən yiyələnir, müxtəlif janrlara müraciət edir. İki prelüd, fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır. I simfoniyası isə həmin dövrün eynijanrlıları arasında daha parlaq yer tutur. 1946-cı ildə dinləyicilərə yeni dramatik situasiya və ifadə vasitələrinin açıq-aydın hiss olunduğu II simfoniyasını təqdim edir. 
   1953-cü ildə bəstəkar - adları da, ladları da qulağa-qəlbə xoş ovqatlar aşılayan uşaq nəğmələri yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi” və s. Bakı Pionerlər evinin sifarişi ilə yazdığı “İsgəndər və çoban” uşaq operası mətbuatda böyük Nizami “İsgəndərnamə”sinin “şipşirin uşaq dilli, körpə qəlbli musiqi nağılı” kimi dəyərləndirilir.
   Bəstəkarın insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunduğu “Gülşən” baleti (1950) Sovet İttifaqının bütün musiqi mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilir. Elə həmin illərdən vokal musiqisi sahəsində də çalışan bəstəkar 1950-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyir, “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” kimi gözəl əsərlər yaradır. O dövrün ən məşhur əsərlərindən biri isə simfonik orkestr üçün yazdığı uvertüradır. Milli musiqidə simfonizm xəttinin davam etdirildiyi bu əsərdə müəllif dünyəvi musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur. Həmin illər Bolqarıstan və Çexoslovakiyada səfərdə olan bəstəkar “Bolqar süitası” və “Çex rəqsi” əsərlərilə diqqət çəkir. 
   1964-cü ildə yazdığı daha möhtəşəm əsərdə - orkestr üçün “Konsert”də kəskin təzadlar, fəal və müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovka hiss olunur. Mətbuat, musiqi biliciləri bu əsəri öz müəllifini “böyük orkestr ustadı”, “öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından ustadanə istifadəçi”, “milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyə” kimi təqdim edirlər.
   S.Hacıbəyovun tamaşalara yazdığı musiqilər də (“Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s.) ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
   1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...
   
   Tahir Abbaslı