Avqustun 30-da kino dünyasının ən əlamətdar hadisələrindən olan 74-cü Venesiya Beynəlxalq Film Festivalı start götürüb. Film yarışması bu il rejissor Aleksandr Peynin “Qısacası" filmi ilə açılıb. Ekran əsərində əsas rollarda Matt Damon, Xristof Valtz və Kristen Viig çəkilib.
   Festivalda məşhur rejissorların filmləri yer alıb. Kinosevərlər Guillermo del Toronun "Suyun forması", Martin Makdonaxın "Ebbinq - Missuri sərhəddində üç reklam lövhəsi", Darren Aronofskinin "Ana" filmi və digər maraqlı ekran əsərlərinə baxmaq imkanı qazanacaqlar. 
   Uğurlu filmlər, onların rejissorları və aktyorlar festivalın ənənəvi “Qızıl şir” və “Gümüş şir” mükafatlarına sahib olacaqlar. 
   Qeyd edək ki, 1932-ci ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə ilk dəfə keçirilən Venesiya kinofestivalı dünya kinosunun ən mötəbər müsabiqələrindən sayılır. 2014-cü ildə Azərbaycan rejissoru Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi festivalın “Horizontlar” proqramında nümayiş olunub.
    74-cü Venesiya film festivalı sentyabrın 9-da başa çatacaq.