Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi sentyabrın ikinci yarısında başlayacaq yeni mövsümün açılış günündə türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında eyniadlı tamaşanı təqdim edəcək. Bu barədə teatrın direktoru Hikmət Nəbili məlumat verib.
   Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmmədova, Fidan Lətifova, Nərmin Abbasova və başqaları ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevindir.
   Teatrda, eyni zamanda, danimarkalı yazıçı, məşhur nağılçı Hans Xristian Andersenin “Kralın təzə libası” nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin sifarişi əsasında hazırlanan tamaşa sentyabrın sonunadək teatrsevərlərə təqdim olunacaq.