Oktyabrın 12-20-də Bakıda “IMAGINE” Avropa tolerantlıq festivalı keçiriləcək.
   Festival günlərində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq, film nümayişləri, sərgilər və digər tədbirlər təşkil olunacaq. Həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və fotosərginin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində azərbaycanlı sənədli film rejissorlarının ekran əsərləri də nümayiş və müzakirə olunacaq.
   “IMAGINE” festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.
   Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “Park Cinema”, “Landmark Hotel”, “DocuBaku”, “United Cultures”, Baku Media Mərkəzi, “YARAT” ilə birgə əməkdaşlıq çərçivəsində və “Turkish Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunacaq.
   Qeyd edək ki, Avropa tolerantlıq festivalı Bakıda Avropa İttifaqının əsasını qoyan Roma sazişinin imzalanmasının 60 illiyi münasibətilə keçiriləcək.