Qazax rayonunda Səməd Vurğun Poeziya evi 1976-cı ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu sənət məbədgahı Səməd Vurğunun 70 illik yubileyi münasibətilə istifadəyə verilib.
   Ümummilli lider Heydər Əliyev 1979-cu ildə, Prezident İlham Əliyev isə 2004 və 2011-ci illərdə Poeziya evində olublar.
   Yarandığı gündən şeirsevərlərin ziyarətgahına çevrilmiş mədəniyyət ocağında mütəmadi olaraq şair və yazıçılarla görüşlər, onların kitablarının təqdimatı, yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilir.
   Poeziya evi istifadəyə verildiyi vaxtdan 2 dəfə əsaslı təmir olunub və son təmirdən 6 il vaxt keçdiyi üçün müasir tələblərə cavab vermirdi. Bu da onun normal fəaliyyət göstərməsinə mane olurdu.
   Qazax Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 1 foyedən və 4 zaldan ibarət olan binada təmir işlərinə başlanılıb. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülür. Eyni zamanda poeziya evinin içəri hissəsində işıqlanmada olan çatışmazlıq artıq aradan qaldırılıb.
   Poeziya evindəki parkın işıq sistemi ilə yanaşı həyətindəki fəvvarələr də əsaslı şəkildə təmir olunacaq. Fəvvarələrə gələn su xətlərinin yeniləri ilə əvəz edilməsi də nəzərdə tutulub. Suvaq-astar işləri başa çatdıqdan sonra binada rəngləmə işləri həyata keçiriləcək. Bir sözlə, mədəniyyət ocağı yaxın vaxtlarda Səməd Vurğunun adına layiq halda poeziyasevərlərin ixtiyarına veriləcək.