Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Gənclərin həyatında kitab mütaliəsinin rolu” adlı dəyirmi masa təşkil edilib. Tədbiri Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq, mütaliənin insan həyatında rolundan danışıb. O, tədbirdə iştirak edən tələbə adını qazanmış gəncləri təbrik edib. 
   Tədbir iştirakçılarından İbrahim Cəfərov, Tahirə Mustafayeva, Tərlan Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Sonda rayon MKS-nin direktoru Havva Mirzəyeva bir daha ali məktəblərə yeni daxil olmuş gəncləri təbrik edib və onlara bundan sonra da kitabxanalardan daha çox istifadə etməyi tövsiyə edib.
   * * *
   Qax rayonu MKS-nin Ağçay kənd kitabxanasında “Mütaliə etmək gənclərimizə nə verir?” adlı tədbir keçirilib. Kitabxanaçı Sevinc Abakarova insanın həyatında kitabın, mütaliənin rolundan söz açıb. Kitabın, internetin, sosial şəbəkələrin, kino və elektron kitabxanalar haqqında fikir mübadiləsi, debat şəklində aparılan söhbət hər bir kəsin ürəyincə olub.
   Çıxışlarda kitab oxumağın insana verdiyi mənəvi zənginlikdən bəhs edilib. Qax rayon MKS-nin direktoru Güllü Əhmədova çıxışında qeyd edib ki, kitab bizim keçmişimiz və gələcəyimiz arasında körpü rolunu oynayır. İnternetin, kinonun və kitabın insan həyatında öz yeri var. İnternetdə məlumatları sürətli şəkildə əldə etsək də, kinoda hansısa hadisələr bizə obrazlar şəklində təqdim olunsa da, kitab oxumaq tamam başqa bir zövqdür.