Göyçay rayonunda ilk kukla teatrı fəaliyyətə başlayıb. Gənclər Mərkəzinin direktoru Səməd Cəbrayılovun təşəbbüsü ilə yaradılan kukla teatrı balacalar üçün ilk tamaşasını təqdim edib.
   “Tıq-tıq xanımın nağılı” adlı tamaşa uşaqların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Tamaşa yerli aktyorlar - Göyçay rayon Mallı-Şıxlı kənd mədəniyyət evinin işçiləri Rövşən Qasımov və Təbriz Rövşənoğlu tərəfindən təqdim edilib.
   Rövşən Qasımov yeni uşaq teatrı barədə məlumat verərək diqqətə çatdırıb ki, kuklalar və digər ləvazimatlar ona Gəncə Dövlət Kukla Teatrı tərəfindən hədiyyə olunub. Yaxın günlərdə balacalara “Tülkü həccə gedir”, “Göyçək Fatimə” və “Cırtdanın nağılı” tamaşaları təqdim olunacaq.
   Tamaşadan sonra azyaşlı uşaqlar şeir və mahnılar səsləndirib, teatrın aktyorları ilə rəqs ediblər.