Bakıda müəllimlərin iştirakı ilə təlimlər
   
   “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Turizm xidməti sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə” layihəsini genişləndirərək Gəncə və Qəbələ şəhərlərində də reallaşdıracaq. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və təsnifatlara uyğun müvafiq kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır.   
   Layihə çərçivəsində Bakıda sentyabrın 5-də 22 müəllimin iştirakı ilə hotelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlərə başlanılıb. Turizm xidməti üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı 2016-cı ildən etibarən “British Council” tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakının aparıcı beşulduzlu hotelləri ilə əməkdaşlıqda həyata keçirilir. 
   Proqramın hər üç ixtisas üzrə tədris materialları Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən hazırlanıb. “People 1st” təşkilatının təlimçisi Jeyn Norman sentyabrın 8-dək müəllimlər üçün hotelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçəcək. Təlim iştirakçıları tərəfindən 2017/2018-ci tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurikuluma uyğun proqramlar tədris ediləcək.
   Layihənin əhəmiyyətini vurğulayan “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt bildirib ki, qurum turizm xidməti sahəsi üzrə bu təşəbbüsü artıq iki ildir davam etdirir. Ötən il yalnız Bakıda həyata keçirilən bu layihədən uğurlu nəticələr əldə olunub. Bu il proqram genişləndirilərək regionlarda da reallaşdırılacaq. Belə ki, tədris proqramı Bakı, Gəncə və Qəbələdə yerləşən turizmə dair ixtisaslar tədris olunan peşə təhsili müəssisələrində həyata keçiriləcək. Həmçinin şagirdlər tədris proqramı ilə paralel şəkildə hotellərdə iş üzrə təcrübədə iştirak edəcəklər.
   Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə diqqətə çatdırıb ki, 2016-2017-ci ildə keçirilən birillik proqramın məzunlarının 50 faizi artıq təcrübə keçdikləri hotellərdə işlə təmin olunub. O deyib: “Ötən iki ildə aparıcı mehmanxanalarla işimizi qura bilmişik. Bu, hələ bizim uğurlu fəaliyyətimizin başlanğıcıdır. Əminəm ki, layihə Azərbaycanın bütün bölgələrini əhatə edəcək”.
   Qeyd edək ki, proqramı uğurla tamamlayan şagirdlər ilin sonunda təcrübə keçdikləri hotellər tərəfindən işə düzəlmək üçün müsahibələrə cəlb olunacaqlar.