Dünən Beynəlxalq xeyriyyəçilik günü idi
   
   Sentyabrın 5-i dünyanın bir sıra ölkələrində Beynəlxalq xeyriyyəçilik günü kimi qeyd edilir. Bu barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında qəbul olunub. Əlamətdar gün 1997-ci il sentyabrın 5-də vəfat edən məşhur xeyriyyəçi və din xadimi Tereza Ananın xatirəsinə ithaf edilib.
   Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib. 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh mükafatına layiq görülüb. Beynəlxalq xeyriyyəçilik gününün qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.
   Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatına, habelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.
   Dünyanın bir çox məşhurları həm də xeyriyyəçilik fəaliyyəti ilə ad çıxarıblar. Məsələn, dahi fizik Albert Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Bu gün Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts xeyirxah məqsədlər üçün hər il milyardlarla dollar xərcləyir.