Hər iki ölkədə mədəniyyətlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirilir
   
   “Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Münasibətlərimiz ötən illərdə davamlı şəkildə inkişaf edib və dərinləşib. Avropa ilə Asiyanı birləşdirən Azərbaycan Yaponiya üçün əhəmiyyətli ölkədir”. 
   Bu sözləri Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bildirib.    
   Səfir deyib ki, yapon şirkətləri “İtoçu” və “İNPEX” Azərbaycanın ən böyük neft yataqları bloku olan Azəri-Çıraq-Günəşli yatağında ümumilikdə 15 faizlik iştirak payına malikdir. Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin iclasları zamanı ikitərəfli münasibətlərə dair müzakirələr aparılır. Güzəştli kreditlər, qrant yardımları, texniki əməkdaşlıq vasitəsilə, həmçinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir, əlaqələr genişlənir. 
   Diplomat vurğulayıb ki, mədəniyyət sahəsində də əməkdaşlıq dərinləşir: “Hər iki ölkədə mədəniyyətlərimizin təbliği istiqamətində tədbirlər təşkil edilir. Yaponiya-Azərbaycan münasibətlərini bundan sonra daha da inkişaf etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
   İqtisadi sahədə əməkdaşlığa toxunan səfir Azərbaycan hökumətinin kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafına böyük diqqət ayırdığını vurğulayıb, ölkələrimiz arasında bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O, Yaponiya ilə Azərbaycan arasında Bakı-Komatsu yükdaşıma reysinin açıldığını xatırladıb, gələcəkdə sərnişin reysinin də açılması ehtimalının olduğunu, bunun münasibətlərin daha da dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.
   Xalqlarımız arasındakı münasibətlərin də möhkəmləndiyini bildirən səfir deyib: “Azərbaycanda yapon dilinin tədrisi ildən-ilə inkişaf edir. Təkcə universitetlərdə fakültə səviyyəsində deyil, tədris planına uyğun olaraq yapon dilinin öyrədildiyi orta məktəblər də var. Son zamanlar Azərbaycanda yapon dilini öyrənib yüksək nailiyyətlər əldə edən insanlar da çoxalıb. Yaponiyada da Azərbaycan haqqında xüsusi kitabların çap edilməsi və bu kimi digər sahələrdə qarşılıqlı əməkdaşlıq imkanları var.
   Ölkələrimizin regionları arasında da əməkdaşlıq həyata keçirilir. İsmayıllı rayonu ilə İto şəhərinin əməkdaşlığını buna misal göstərmək olar. Yaponiyanın Azərbaycandakı səfirliyi bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün hər cür kömək göstərir və göstərəcək”.