Sentyabrın 9-10-da Bakıda ikinci İndoneziya mədəniyyəti festivalı keçiriləcək. Festivalın birinci günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın çıxışını dinləyəcəklər. Həmçinin azərbaycanlı tələbələr və İndoneziyanın professional rəqqasları tərəfindən bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim olunacaq. 
   Növbəti gün festival Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Tədbir iştirakçıları birlikdə yürüş edərək mahnılar oxuyacaq, rəqs edəcəklər. 
   “İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. İkitərəfli siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Son beş ildə İndoneziya və Azərbaycan arasında 40-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib”, - bu sözləri sentyabrın 6-da İndoneziyanın müstəqilliyinin 72-ci ildönümü ilə bağlı Bakıda təşkil edilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani bildirib.
   Diplomat qeyd edib ki, iki ölkə xalqlarının bir-birinin mədəniyyətinə böyük hörməti var. Bu gün 67 azərbaycanlı gənc Azərbaycan Dillər Universitetində İndoneziya dilini öyrənir. Azərbaycan paytaxtında ikinci dəfə təşkil olunacaq İndoneziya mədəniyyəti festivalı əlaqələrimizin inkişafına təkan verəcək.