Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağsu şəhər “Nuran Xatun” məscidinin birgə həyata keçirdiyi “İslam həmrəyliyi və milli mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində rayon Mərkəzi kitabxanasında “İslamda tolerantlıq və vəhdət” adlı maarifləndirici tədbir təşkil olunub. 
   Tədbirdə DQİDK-nın Şamaxı regional şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Ağsu rayonu üzrə kitabxana və klub müəssisələrinin işçiləri iştirak ediblər.
   Çıxışlarda qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir. Ölkəmizdə 2017-ci ilin “islam həmrəyliyi ili” elan olunması məhz Azərbaycan dövlətinin İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.