Ömrü uzunu sadə həyat dünyasını yazı-pozu ilə bəzəmiş, saya ailə-məişət aləmini halal qələm-iynə ilə gözəmiş Çəmənli!..
   
   Hə, 45 illik dostum, bu da sənin 70-in!..
   Tələbəlik illərimizdən keçən bu uzun dövrdə, birində səs-küydən, o birində hüzndən macal tapılmayan xeyir-şər məclislərindən savay bir əməlli-başlı görüşüb-söhbətləşə bilmədiyimiz aydan arı insan, gün aydın! 
   Çağdaşı da olduğumuz ulu Məmməd Araz deyirdi: “Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, bəs ondan şairə nə çatdı? Bir ovuc torpaq...”
   Sən isə - dörd onillikdən çoxdur sənətsevər qəlblərə bəxş etdiyin mədəniyyət-mənəviyyat məhsulları qarşılığında az barındırılıb-yarıdılmasan da, o şeirdə “bir ovuc”undan danışılan müqəddəs təbii nemətimizin (öz doğulduğun yurd da daxil) “iyirmi faiz”i ağrı-acısında...
   Belə... Başı “Oxu, gözəl!” kimi gözəl kitablar yazmağa qarışdığından daha qayğıkeş ata, daha istiqanlı qohum, daha fədakar dost ola bilməyən Mustafa Çəmənli! 65 yaşının tamamındakı fövri müsahibəmizdə tamamlaya bilmədiyimiz məqamlardan danış. O söhbətimizdə “İctimai-siyasi yönümdən bu sakit, əmin-aman dövr ilə düz on il sonrası doğulduğun repressiya illərini valideynlərindən eşitdiklərin, sayca, yazdıqlarından qat-qat çox oxuduğun kitablardakı məqamlarla müqayisə edirdin. 
   Bu barədə “Burdan bir atlı keçdi” kitabında xeyli bəhs etdiyindən danışırdın. O illər Sibirə sürgün edilmiş, bağ-bağatının yerində pambıq əkilmiş anamın dayısı Musa kişidən, kəndimizdə silah axtarışına çıxmışların ellər ağsaqqalı Məşədi Mahmud kişini günün günorta çağı güllələnməsindən və məhz onun qanı tökülən nöqtədə Stalinin nəhəng heykəlinin qoyulmasından, Qarabağın adlı oğullarından olmuş, böyük vəzifələrdə çalışmış Çəmənli Bahadur Vəlibəyovun da həmin il güllələnməsindən. “Ovaxtlar ayrı-ayrı adamlar, vətəndaşlar məhv edilirdi, indilər bütöv bir Vətən guşəsi...”. “Hər dəfə bu haqda düşündükcə, hərdən telekanallarda Ağdamın “o yan-bu yan” mənzərələrini “seyr” etdikcə, özüm də “o dünya-bu dünya”lıq oluram...”.
   
   - Hə, əfəndim, indi, bir vaxt orada doğulub, müxtəlif məkanlarda 70-ə yetmiş Mustafa Çəmənli böyük ədəbiyyata gələnəqədərki “balaca” günlərindən nə deyərdi?.. 
   - Kənddə doğulan bütün uşaqlar kimi, mən də lap balacalıqdan zəhmətə alışmışam. Atamı bir yaşım olanda itirdiyimçün həyatın hər yükünü özüm çəkməli, buna vərdiş etməli olmuşam. Amma həmişə oxumağa, təhsil almağa can atmışam. Sovet dövründə mən taledə olanları hörmətli sovet “professor”ları imtahanlarda qiymətlərini “kəsər”, müsabiqələrdə “konkurs”a salardılar. Ancaq mən də bir çox inadkarlar, özünəinananlar kimi dayanıb-durmadım. Ədəbiyyata lap uşaqlıqdan can atırdım. Mingəçevirdə yaşadığım illərdə “Kür” ədəbi dərnəyində hekayələrlə çıxış edirdim. İlk hekayəm də “Mingəçevir işıqları” qəzetində çap olunub.
   - Fərqinə varmısanmı, sən indiyədək 5945 səhifəlik ədəbiyyat yazıb, 2938 səhifəlik redaktorluq etmisən. Təxminən, 15 min gündə 10 minə yaxın səhifə!
   - Düzü, hesablamamışdım...
   - Amma bundan xəbərdarsan ki, kitablarının təqdimatı tədbirlərində tanınmış tarixçilər, fəlsəfə doktorları, tədqiqatçılar, ədiblər sənin özün və əsərlərinlə bağlı maraqlı fikirlər söyləyiblər. Məsələn, “Mustafa Çəmənli “Ölüm mələyi”ndə bu günə qədər heç bir tarixçinin araşdırıb ortalığa çıxarmadığı II Şah İsmayılın “Qəhqəhə” qalasına salınma səbəblərini və digər vacib tarixi həqiqətləri oxucuya bədii süzgəcdən keçirərək çatdırıb”, “Son zamanlar bizim qarşılaşdığımız ciddi problemlərdən biri də nəşriyyatlarda yaxşı, savadlı redaktorlar olmaması problemidir. Düşünürəm ki, bu baxımdan, Mustafa Çəmənlinin bir redaktor kimi də öyrənilməsi vacibdir” və s.
   - Bu qədir-qiymət ifadələrinə görə onlar da sağ olsunlar, bu məqamda bunu qeyd etməklə mənim yaradıcılıq nəbzimə qüvvət verən də!.. 
   - Növbəti suallara qədər bir “haşiyə”-sual”: “Yazıçı” və “Gənclik” kimi baş qaşımağa macalverməz nəşriyyatlarda çalışa-çalışa, qaçqın qohum-əqrəbanın filçəkməz problemlərinə qarışa-qarışa, “sağ-solsuz” dostların, indilərin “uğurlu yol”suz ədəbi gəncliyin yollarında alışa-alışa bu qədər kitabı yazmağa necə macal tapmısan, canım?..
   - (Özünəməxsus təbəssümlə) Bu “eyham”lı suala qıs-qıvraq cavab olaraq deyim ki, adamın işi çox olanda daha məhsuldar işləyir, qardaşım! Vaxtımı, enerjimi, bir sözlə, ömrümü boşa verməməyə çalışmışam. Qələm əhli hər gün, heç olmasa, 2 saat işləməlidir. Yaradıcılıqla məşğul olmağın başqa yolu yoxdur. Sözün fəhləsi olmadınsa, heç nə...
   - Bir ömürdə yüzlərlə sənətkar-ifaçılar haqda neçə-neçə məqalə və kitablar, xeyli kino-tele ssenarilər yazmısan ki, oxuyanlar oxuyub, baxanlar baxıb. O kitab və lentlərdən qısdığın elə bir gizlinin varmı ki, bizim qəzetə açasan?
   - Deyim ki, məndə sənin bu sualına bir kitablıq söz var. Vaxtilə əməkdaşlıq da etdiyim “Mədəniyyət” qəzetinin müxbirlərilə müsahiblik də mənimçün həmişə xoş olub və inşallah, dediyim “bir kitablıq” gizlinlərimi yalnız bu qəzetə açacam...
   - Ölməz müğənnimiz Şövkət Ələkbərovaya həsr etdiyin “Oxu, gözəl” kitabın iki dəfə nəşr olunub, qırx iki nəfərin xatirələrini verdiyin “Muğam dünyasının Xanı” kitabın böyük maraqla qarşılanıb və sair. Bir az da yazmadıqların - yəni, gərək o yazıda onu da yazaydım, bunu da deyəydim...” xiffətlərin haqda...
   - Mən, necə yazıram, - deyə bilmərəm, amma nə yazmışamsa, ürəkdən yazmışam. Bu sarıdan elə bir ciddi xiffətim yoxdur. Ancaq sənət adamlarına, xüsusən jurnalistlərin “və ilaxır və sair”ləri içərisində “unutduqları” adamlara qarşı qəlbimdə dərkolunmaz bir nostalji, rəhm hissi var. “Leyli və Məcnun” - 100 il səhnədə” kitabımla əlaqədar arxivlərdə işləyəndə proqramlarda adlarına rast gəldiyim, lakin barələrində yazılı bir mənbə tapmadığım üçün heyifsiləndiyim anlar çox olub. Bu baxımdan, inanıram ki, sənət adamları haqda yazdığım kitabların dəyəri zaman keçdikcə daha da artacaq.
   - Yaşın yetmişinə - əqlin, zəkanın tamam-kamal yetişmişinə gəlib çıxdın. Hələlik bir son, amma az qala sənin ömrün uzunluğunda “bioqrafik-memuar”ik bir sual: Viki-məlumata görə, Mustafa Şura oğlu Mustafayev 1947-ci il sentyabrın 10-da Ağdamın Çəmənli kəndində doğulub, əmək fəaliyyətinə Mingəçevirdə qəlibçilikdən başlayıb, ADU(BDU)-nun Jurnalistika fakültəsini bitirib, “Kommunist” nəşriyyatında çapçı köməkçisi, nəşriyyatlardan - “Yazıçı”da böyük redaktor, şöbə müdiri, “Gənclik”də baş redaktor işləyib, milli musiqi ifaçılığı sənətinin (sənədli və bədii) təbliğinə, ön cəbhə çıxışlarına, hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə “Dan ulduzu”, “Yaddaş”, Mədəniyyət və Turizim Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, AYB-nin diplomuna, 2010-cu ildə Prezident təqaüdünə layiq görülüb, 100-dən artıq tele-radio verilişinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış (görkəmli muğam ifaçılarının yubileyləri münasibətilə) “Albom”ların mətn müəllifi, aktual mövzulu publisist, hazırda “Təhsil” nəşriyyatının şöbə müdiridir. Bəs, səncə, geniş oxucu kütləsinin “Mustafa Çəmənli”si kim?..
   - (Gülümsünərək) Ellim, təbii ki, belə bir uzun sualın cavabı da füzun olasıdı...
   Əvvəla deyim ki, “işgüzar-kargüzar mən” ilə “qarşı-qarşıya” qoyduğun “ədəbi-bədii mən” - Mustafa Çəmənli - 28 kitabın müəllifi olsa da, hələ də yazıçı adını, tələbəliyimizdən üzübəri ağırladığımız görklü-görkəmli klassiklərimizin böyük yaradıcılıq görəvlərini ehtiva edən “ədib”lik məsuliyyətini öz üzərinə götürməkdə tərəddüd edir... Mən yazıçılığa inşa yazarlığı kimi baxanlardan deyiləm... 
   Ancaq, bu “təvazökarlıq”dan sonra əlavə edim ki, gümanımca, diqqətli və ədalətli oxucular məni, heç də az iş görmüş, “düşünməkdən çox yazan” yazıçılardan hesab etmirlər. Məsələn, 1982-ci ildə 10 min tirajla nəşr olunan “Mənim dünyamın adamları” adlı ilk kitabım 10 gün ərzində satıldı, tapılmadı. O dövrlərdə böyük maraqla qarşılanmış “İtirilmiş səs” (povest və hekayələr), “Oxu, gözəl” və digər kitablarımın yeri hələ də “oxunaqlı”lar cərgəsindədir. 2008-ci ildə çap olunan (respublikada ilk bədii-sənədli ensiklopedik nəşr hesab edilən) “Leyli və Məcnun-100 il səhnədə” kitabım görkəmli sənət adamları, ümumən ədəbi ictimaiyyət tərəfindən layiqincə dəyərləndirildi. Əlbəttə, bu “layiqincə” ifadəsi mənim müəllifliyimə işarətdən çox, həmin nəşrin faktoloji əhəmiyyətinə qiymət kimi anlanmalıdır. Belə ki, bu kitabda - səhnəyə qoyulduğu gündən dövrümüzə qədər “Leyli və Məcnun” tamaşasında iştirak etmiş bütün müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoymuş rejissorlar, habelə dirijorlar, rəssamlar, xormeyster, baletmeyster, konsertmeysterlər haqqında ensiklopedik məlumatlar toplanıb.
   Cari onillikdə Mədəniyyət və Turizm Nazirliyi “Ölüm mələyi” tarixi romanımı “Qızıl kəlmə” mükafatı ilə dəyərləndirib, “Xallı gürzə” romanıma görə “Yaddaş”, “Uğur-2008” mükafatlarını almışam. 
   Qarabağ hadisələrinin başlanğıcında “Yazıçı” nəşriyyatının planında olan 15 çap vərəqi həcmində sırf bədii (yəni xeyli asan) bir əsərin çapından imtina edib, Qarabağ xanlığının banisi Pənah xanın həyatı barədə tarixi roman yazmışam. 
   Daha sonra, Azərbaycanın Milli Qəhrəmanlarından - Asif Məhərrəmovun və adı çağımızın qorxmazlıq, igidlik, fədailik simvoluna çevrilmiş Mübariz İbrahimovun həyat və döyüş yollarını əks etdirən “Fred Asif” romanımla “Mübariz” povestim haqda geniş danışmağa ehtiyac hiss etmirəm. 
   - Sən danışmasan da, mən son müsahibələrinin birində dediklərindən bir fraqmenti “Mədəniyyət” qəzeti oxucularına da çatdırmaq qərarındayam: 
   “Mən “Mübariz” povestimin ilk oxucusu olmuş oğluma “bu kitabın Mübarizgilin kəndində keçiriləcək təqdimatına sən də get” təklifi edərkən, nəzərlərini məchul bir nöqtəyə zilləyib dedi: “Mən onların həyətinə getməyə utanıram, ata. Mübariz məndən yaşca kiçik idi, amma o cür qəhrəmanlıq göstərərək şəhid olub...”
   Bu qədər yazı-pozudan macal tapıb, belə bir etirafa malik bir yetişdirməyə macal tapmış dostum, üzü 100-ə doğru uğurlar... 
   
   Tahir Abbaslı