“Euronews” telekanalı Azərbaycanın musiqi ənənələri və simli musiqi aləti olan tar barədə süjet yayımlayıb.
   Süjetdə bildirilir ki, tar sonsuzluq simvolu - səkkiz formasındadır. Bu alətin səsləndirilməsi Azərbaycan musiqi ənənələrini dərinləşdirib və əfsanəyə çevirib. Bir zamanlar tar səsi yalnız imkanlı insanların evindən gələrmiş.
   Telekanalın aparıcısı Avrora Veles: “Hazırda tar 11 simdən ibarətdir. Öz zəngin musiqi imkanlarına görə Qafqazda ən çox dinlənilən musiqi alətidir”.
   Qeyd olunur ki, əvvəllər tarın simləri daha az olub. Lakin XIX əsrin sonlarında “Tarın atası” ləqəbli tanınmış tarzən Sadıqcan alətdə düzəlişlər edərək simlər əlavə edib. Bundan sonra tarın yeni həyatı başlayıb. Bu gün Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu alətin düzəldilməsinin sirləri əsrlər boyu qorunur və nəsildən-nəslə ötürülür.
   Tar ustası Mahir Vələdov deyir: “Çanaq ərik, qarağac və qoz ağaclarından da hazırlana bilər. Tarın aşıqlarını isə armud və qoz ağaclarından düzəltmək daha məqsədəuyğundur. Çanaq qış aylarında kəsilən yaşlı ağacdan düzəldilir”.
   Farscadan tərcümədə “Tar” sim deməkdir. Quruluş və forma etibarilə başqa simli musiqi alətlərindən fərqli olan tar üç - çanaq, qol və kəllə hissədən ibarətdir. Qoluna 22 pərdə bağlanır.
   Süjetdə vurğulanır ki, əgər siz Azərbaycanı başa düşmək istəyirsinizsə, dağın yüksəkliyinə qalxın və tarın avazını dinləyin.