Bir dəfə Amerika Birləşmiş Ştatlarında keçirilən gözəllik müsabiqələrindən reportajlar hazırlayan jurnalistin təəssürat yazısını oxumuşdum. Müəllifin və qəzetin adı yadımda qalmasa da, həmin məqalədəki bir fikri unutmamışam: “Müsabiqələr zamanı ən gözəl qızları podiumda deyil, salonda gördüm”. 
   Biz isə uzun illər səhnədən, ekrandan salona gözəllik işığını yaymış aktrisalarımızdan danışacağıq. Ola bilsin ki, istedadı zahiri gözəlliyinə məlahət qatmış həmin gözəllər səhnədə çıxış edərkən salondakı tamaşaçıların arasında onlar qədər gözəl xanımlar olub... Amma Beynəlxalq gözəllik günü (9 sentyabr, İnternational Beauty Day) ərəfəsində xatirələrini anmaq istədiyimiz həmin Azərbaycan gözəlləri həm də istedadlı olduqları üçün bu yazının qəhrəmanı seçiliblər. Düzdür, gözəllik nisbi anlayışdır, amma biz Hüseyn Cavidin sözü ilə desək, gözəllərdə gözəl ruh aradıq... 
   * * * 
   Fatma Muxtarova (1893-1972). Adı XX əsrin birinci yarısında, daha dəqiq desək, iyirmi-əllinci illərində indiki postsovet məkanında, keçmiş ittifaqın şəhərlərində opera teatrlarının afişasını bəzəyən əsl Şərq gözəli. Rusiya operasevərlərinin əzizləyərək «Muxtaroçka» çağırdıqları metso-soprano Fatma Muxtarova səhnəyə çıxarkən təkcə tərəf-müqabillərini deyil, həm də bütün salonu öz cazibəsində saxlamağı bacaran qadın olub. 
   Həyatın gərdişi Urmiya doğumlu balaca Fatmanın güzarını Rusiyadan salır. Doğmalarına danışdığına görə, bu səs cavan ikən dünyasını dəyişmiş tenor səsli atası Abbasdan ona mirasmış. Rusiyanın soyuq iqlimi və sarışın mühiti üçün ekzotika sayılacaq qədər hərarətli obraza malik, qaraqaş-qaragöz balaca Fatmanın güclü səsini isə atalığı Səttar istismar edir. İllərlə Rusiya şəhərlərini küçəbəküçə dolaşaraq şarmanka çalıb-oxumaqla anasının ikinci ailəsini dolandıran qızın taleyində bir gözəllik də varmış demə. Xoş təsadüf və həyatda qismətinə düşən böyük məhəbbət onu məşhur rus vokalçısı Fyodor Şalyapinlə qarşılaşdırır, ustad pedaqoqlar gənc Fatmanın səsini cilalamaqla yanaşı, onun musiqi savadı almasına, səhnə davranışı, aktyorluq dərsləri keçməsinə nail olurlar. Həyatın pis üzünü çox görən bütün insanlar kimi, Fatma da ona böyük səhnələr, gur alqışlar, tamaşaçı rəğbəti və ... kişilərin aşiqliyini qazanmağı vəd edən vokal sənətinə yiyələnməyin çətinliklərinə qatlaşır. 
   Fatma Muxtarovanın ifa etdiyi Karmen dillərdə dastan olub. Əslində o, Karmeni ifa etmirdi, hələ opera səhnəsində təkcə oxumağa üstünlük verildiyi çağlarda da Muxtarovanın Karmeni təbii gözəlliyi ilə Prosper Merimenin eyniadlı povestinə çəkilən illüstrasiyalardakı işvəkar və öz tükənməz ehtirasının qurbanı olan Karmendən seçilmirdi. Fatma xanımın Karmenini qadınlar da, kişilər də sevirdi. Amma onun ifa etdiyi bir partiya da var idi ki... 
   1924-25-ci illər teatr mövsümü. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Kamil Sen-Sansın "Samson və Dalila" operası oynanılır. Dalila partiyasını Fatma Muxtarova ifa edir. O illərin teatrallarının xatirələrinə görə, bu əsər teatrda oynanılanda ilk üç-dörd sıraya bilet alanların əksəriyyəti kişilər imiş. Təsəvvür etmək çətin deyil: səhnədə Fatma xanım kimi gözəllərə rast gəlmək nadir hadisə idi. Üstəlik, onun əsərin məzmununa uyğun olaraq, Samsonu ələ almaq üçün səhnəyə yarımçılpaq görkəmdə çıxması hər aktrisanın edə bilməyəcəyi bir cürət tələb edirdi. Operanın ikinci - Dalilanın Samsonu yoldan çıxardığı - səhnəsidə inzibatçı salonda oturmuş, milis orqanlarında çalışan və teatra da elə iş geyimində gəlmiş Məmmədəmin Şəkinskiyə yaxınlaşır və deyir ki, səhnə arxasında bir rus cavan şuluqluq salır, səhnəyə çıxmaq istəyir, bəlkə sizi formada görüb sakitləşə. Şəkinski səhnənin arxasına keçəndə tamaşanı pozmaq istəyəni tanıyır: şair Sergey Yesenin. Qarşısında milis zabitini görən şair sakitləşir və hərəkətini belə izah edir: "Heç bilirsiniz, səhnədə necə gözəl var?! Mən ona öz eşqimi elan etməliyəm!". 
   Təbii ki, tamaşadan sonra Fatma xanım Sergey Yeseninin sevgi etirafını eşidir və ... bundan sonrası bizə məlum deyil. 
   1953-cü ildə sərəncamla opera teatrının bir qədər yaşlaşmış solistləri, o cümlədən Fatma Muxtarova yarımştata keçirilir. O, əsl gözəl və çılğın xanıma xas qürurla işdən çıxır: "Bu teatra bir də meyitim gələcək!". Sözünün üstündə duran vokalçı 1972-ci ildə doğma səhnəyə qayıdır. Onunla vida mərasimində iştirak edənlərin son ehtiramını qəbul etmək üçün. 
   
   Leyla Bədirbəyli (1920-1999). Əgər Fatma Muxtarovanın simasında çılğınlıq, canalanlıq vardısa, bir zamanlar qeyri-rəsmi "Azərbaycan gözəli" titulunu şərəflə daşımış Leyla Bədirbəylinin baxışları dincəldən, romantik duyğular oyadan bir qədər utancaq təbəssümlü səmimi gözəlliyi vardı. Təkcə qara gözlərindəki qaynarlıq bu xanımın daxilindəki həyat eşqindən xəbər verir. Əslən Şəmkir bəylərinin nəslindən olan Leylanın ailəsi inqilabın ilk vaxtlarında Bakıya sığınmaqla, mal-mülkdən könüllü əl çəkməklə repressiyalardan canını qurtarır.
   Yaraşıqlı kişinin və gözəl qadının sevgisinin ilk nübarı olan Leyla səhnəyə yeniyetmə qız ikən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti kimi çıxır. Tezliklə elə ansamblın solisti olan Fərəc Cavanşirovla ailə qurur. "Arşın mal alan" filminə çəkilmək üçün yaraşıqlı qız sorağına düşən Rza Təhmasib Leylanı Gülçöhrə roluna bəyənəndə isə gənc ailə dağılır. Fərəc gözəl qadının həyat yoldaşı olmağa tablaşsa da, məşhur sənətkar qadının əri ola bilməyəcəyini anlayır. 
   Leyla Bədirbəyli teatrda, kinoda maraqlı obrazlar yaradıb. Amma gözəlliyi ona kömək etmək əvəzinə istedadına çəpər çəkib çox zaman. Teatrda "Almaz" pyesində baş qəhrəman, kinoda isə "Dəli Kür" (Zərnigar) və "Dərviş Parisi partladır" (Şəhrəbanu) filmlərindəki obrazlarını çıxsaq, aktrisanın sənət bioqrafiyasında xarakterik qadın rollarının adına çox seyrək rast gələrik. Leyla xanımın əsl gözəl, kübar xanımlara xas, onun pərəstişkarlarına bəlli olmayan xüsusiyyətləri də var idi. Mütaliəni çox sevirdi. Yaşlı nəslin yadında olar, Azərbaycan Televiziyasında milli kino, teatr tarixi ilə bağlı bütün verilişlərdə Leyla xanım ən sevilən qonaq olub. Mütaliəsi, geniş söz ehtiyatı və xatirə danışmaq bacarığı ilə Leyla xanım mədəniyyət yazarlarının sevimli müsahibi olub. Tez-tez televiziyada çıxış edən Leyla xanım paltarlarını da özü tikirdi. Bəli, ikinci bəxti gözəl olan, məşhur stomatoloq Kamil Aslanovun "yağ içində böyrək kimi" saxladığı, əsl xanım həyatı yaşatdığı aktrisa ərinmir, adi qadın hobbisini sənətkar səviyyəsində bacarırdı. Teatrda qarşılaşdığı intriqalar üzündən öz istedadını yetərincə xərcləyə bilməyən Leyla xanım ahıl çağında qadın, ana kimi yaşadığı xoş taledən də məhrum olur: bir-birinin ardınca həyat yoldaşının və böyük qızı Lalənin avtomobil qəzasında faciəli ölümü onu həyatdan küsdürür. Nə edəsən, hamı kimi gözəl qadınların da tale kitabının bütün səhifələrinə xoşbəxtlik yazılmır. 
   
   Nəcibə Məlikova (1921-1992). Bakının Buzovna kəndində şair və tacir Haşım bəy Saqibin ailəsində doğulan alagözlü Nəcibənin qayğısız uşaqlığı dayısı, dövrünün ictimai xadimi Ruhulla Axundovun repressiyaya uğraması ilə bitir. “Xalq düşməninin qohumu" damğası onu uzun illər izləyib. Nəcibə həkim olmaq istəyirdi, amma bu damğa!.. Elə onun böyük bacısı Nuriyyə də bu üzdən səhnəni seçmişdi və ilk peşəkar rəqqasələrdən biri kimi tanınırdı. Teatr texnikumunda təhsil illərində məlum olur ki, alagözlü, alyanaqlı, ucaboylu, gözəl vücudlu Nəcibənin böyük istedadı varmış... 
   Bakıdan, onun ailəsini daha yaxşı tanıyan mühitdən qaçan Nəcibə Gəncə teatrında işləməyə qərar verir. Demə, tale onu ömrünün ilk və yeganə böyük məhəbbəti ilə qarşılaşdırmaq üçün Gəncəyə aparıbmış. Teatra gənc və gözəl aktrisanın gəlişi bütün şəhərə, ətraf rayonlara səs salır. Nəcibə pərəstişkarlarından biri - yol mühəndisi, artıq bir dəfə ailəli olmuş Nüsrəddinin sevgisini qəbul edir. Gözəlliyindənmi, istedadındanmı, yaxud uşaqlıqdan alışdığı paxıllıq təzahürlərinə, mənəvi sıxıntılara alışqanlıq ailədə davam edir. Necə deyərlər, aş yeyən üçün aş, daş yeyən üçün daş gələr süfrəyə. Əzazil qayınana basqısı, ögey analıq ittihamları, subaylıq əyləncələrindən əl çəkməyən ərinin "ya səhnə, ya ailə" şərti gənc qadının səbrini tükəndirir. Ayrılır, körpə Saqibi götürüb Bakıya qayıdır. 
   Digər gözəl aktrisalara baxmış rol baxımından Nəcibə xanımın bəxti teatrda da, kinoda da gətirib. Qismətinə faciədə, komediyada oynamaq düşüb, illər uzunu müxtəlif xarakterik rollarla tamaşaçıların alqışını qazanıb. Azərbaycan televiziyası ilk dəfə yayımlananda seyrçilər Nəcibə xanımı ekranda gördülər. Bəlkə də istedadı, insanlığı gözəlliyini kölgədə qoyub... 
   ...Aktrisanın qismən də öz taleyini əks etdirən "Ögey ana" filminin çəkilişləri zamanı Nəcibə xanım Qəmər xala rolunun ifaçısı Həqiqət Rzayeva ilə eyni otaqda qalırmış. Axşamlar Nəcibə xanım kitab oxuyarmış. Bir axşam Həqiqət xanım dözmür, deyir ki, ay Nəcibə, başa düşmürəm, sən hər axşam bir səhifəni neçə saata oxuyursan? Demə, Nəcibə xanım Həqiqət xanımı narahat etməmək üçün kitabın səhifələrini ehmalca çevirirmiş. Bax, belə... Nəcib xasiyyətin özü elə gözəllik deyilmi?.. 
    * * *
   ...Səhnəmizi bəzəyən gözəl aktrisalarımız çox olub, indi də var. Biz yalnız üç məşhur aktrisanın taleyinə nəzər saldıq. Əslində, gözəllik nisbi anlayışdı, bizcə, nisbəti pozmadıq... 
   
   Gülcahan Mirməmməd