Beynəlxalq festival çərçivəsində konsert-konfrans
   
   Sentyabrın 20-də “Xəzər” Universitetində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli - alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçiriləcək.
   Konfransda dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sənədli film nümayiş olunacaq. Eyni zamanda XX əsr Bakısının konsert-musiqi həyatından, Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Aqşin Əlizadə, Firəngiz Əlizadənin yaradıcılığından söz açılacaq. Musiqili proqramda “Xəzər” Universitetinin Kamera orkestri və Rəqs ansamblı maraqlı musiqi və rəqs nümunələri ilə çıxış edəcək.
   Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.