Xəbər verildiyi kimi, sentyabrın 11-də Çinin Çendu şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) Baş Assambleyasının 22-ci sessiyası işə başlayıb.
   Sessiya çərçivəsində “Turizm etikası üzrə konvensiya”nın hazırlanması məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası da keçirilib.
   Qeyd edək ki, dördüncü dəfə toplanan işçi qrupuna Azərbaycan sədrlik edir. DTT-nin 36 üzv ölkəsinin nümayəndəsinin təmsil olunduğu işçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək təşkilatın Turizm üzrə qlobal kodeksi əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək “Turizm etikası üzrə konvensiya”nın hazırlanmasıdır.
   Ölkəmizi tədbirdə işçi qrupun sədri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edib.
   İclasın açılışında DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami və işçi qrupun sədri Nazim Səmədov çıxış edib. İki gün sürən tədbirdə “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək istiqamətində müzakirələr davam etdirilib. Konvensiyanın yekun variantının təsdiq üçün DTT Baş Assambleyasının 22-ci sessiyasına təqdim edilməsi nəzərdə tutulub. Sənəd turistlərin hüquqlarının qorunması, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda oynadığı rol və bir sıra digər müddəaları əks etdirəcək.