İncəsənət sahəsində istedadların üzə çıxarılması və onların gələcək yaradıcılıq inkişafı üçün tədbirlər görülməsi, ölkə Prezidentinin sərəncamları ilə adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və xüsusi təqaüdə layiq görülmüş uşaq və gənclərin fəaliyyətinin diqqət mərkəzində saxlanılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzdində “Gənc istedadlar mərkəzi” yaradılıb.
   Mərkəz tərəfindən respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, incəsənət sahəsi üzrə müvafiq orta ixtisas və ali təhsil müəssisələrində, eləcə də xarici ölkələrdə təhsil alan, respublika və beynəlxalq müsabiqələr laureatları olan, xüsusi istedadı ilə fərqlənən uşaq, yeniyetmə və gənclərin bir araya gətirilməsi, Bakı şəhərində və bölgələrdə onların iştirakı ilə konsertlərin, sərgilərin təşkil olunması nəzərdə tutulur.
   Həmçinin beynəlxalq müsabiqə və festivallarda iştirak etmək üçün şagird və tələbələrin seçilməsi, ən istedadlı uşaq və gənclərin mükafatlara təqdim edilməsi, müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və s. sahələrdə iş aparılacaq.