Sentyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın ən yaxşı kamera kollektivlərindən olan Novosibirsk Filarmoniyası (Rusiya) kamera orkestrinin konserti olacaq. Kollektiv Əməkdar artist, Prezident mükafatçısı, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edəcək. 
   Orkestr Q.Qarayev, V.A.Motsart, P.Çaykovskinin ölməz əsərlərini səsləndirəcək. Proqramda bu il 70 illik yubileyini qeyd edən Azərbaycan bəstəkarı, Xalq artisti Firəngiz Əlizadənin “Metamorfozalar” əsəri də yer alıb. Solistlər tanınmış skripkaçı, Əməkdar artist Yuliya Rubina və Moskva Konservatoriyasının aspirantı, beynəlxalq müsabiqələr laureatı Riad Məmmədovdur. 
   Sentyabrın 20-də kollektiv festival çərçivəsində daha bir konsert proqramı ilə Sumqayıt şəhərində musiqisevərlərin qarşısına çıxacaq.
   
   Lalə Azəri