"Min dərd varsa, min bir də dərmanı var" deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Ölkəmizin şimal-qərb bölgəsinin əlverişli relyef şəraiti, torpaq-iqlim xüsusiyyətləri burada zəngin floraya malik bitki örtüyünün formalaşmasına səbəb olub.
   Bu sözlər sentyabrın 7-də Oğuz şəhərində keçirilən “Şəfa bayramı”nda səsləndirilib. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından kollektivlər tərəfindən hazırlanmış sərgi nümayiş etdirilib. Sərgidə AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən təqdim olunmuş 100-dək adda şəfalı bitki növləri və cövhərlər iştirakçıların marağına səbəb olub.
   Çıxışlarda tədbirin əhəmiyyəti, bölgənin turizm imkanlarının təbliği baxımından rolu vurğulanıb.
   Bayram tədbiri Oğuz, Şəki və Balakən rayonlarının musiqi kollektivlərinin konsert proqramı ilə başa çatıb.