Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində XIII Beynəlxalq müsəlman kinosu festivalı başa çatıb.
   Festivalın müsabiqə proqramında 27 ölkədən 60 film nümayiş olunub. Onların arasında Azərbaycandan Teymur Daiminin “Bu, sevgidir” qısametrajlı sənədli filmi, habelə Dariuş Nəcəfinin “Səs” (Azərbaycan-İran) qısametrajlı bədii filmi də yer alıb. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub.
   Sentyabrın 11-də M.Cəlil adına Opera və Balet Teatrında keçirilən bağlanış mərasimində laureatların adları açıqlanıb, nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib.
   Teymur Daiminin “Bu, sevgidir” filmi “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub. Mükafatı təqdim edən beynəlxalq jürinin üzvü Şarofat Arabova ekran əsərinin “sevginin çox həssas təsvirinə görə” təltif edildiyini deyib.
   Dariuş Nəcəfinin “Səs” filmi isə festivalın ən yaxşı qısametrajlı bədii filmi kimi mükafatlandırılıb. Mükafatı qəbul edən rejissor səhnədən öz müəllimi, Azərbaycanın Xalq artisti, kinorejiossor Oktay Mir-Qasıma təşəkkürünü bildirib.
   Qeyd edək ki, Rusiyanın Xalq artisti, rejissor Nikolay Dostalın sədrlik etdiyi münsiflər heyətində Azərbaycandan Ülvi Mehdi də yer alıb.