Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Yerli əhali ilə görüş keçirilib, kənd məktəbinə kitablar hədiyyə olunub.
   Oktay Səmədov bildirib ki, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 24-də imzaladığı sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitabların toplanılması aksiyasına başlayıb. Fondun ictimaiyyətə ünvanladığı çağırışın nəticəsində Prezident Kitabxanası, Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı və Mingəçevir şəhərlərinin orta məktəbləri, könüllüləri tərəfindən təqdim olunan, o cümlədən kitab mağazalarından alınmış ümumilikdə 1000 nüsxədən çox kitab toplanılıb. İcraçı direktor Bilik Fondunun bundan sonra da Cocuq Mərcanlıda maarifləndirici layihələr həyata keçirəcəyinə əminliyini vurğulayıb.
   Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Orucova, müəllimlər Leyla Maqsudova və İlkin Təbrizli çıxış edərək yerli əhalinin ovqatının yüksək səviyyədə olduğunu, məktəbin müasir avadanlıqlarla təmin edildiyini, şagirdlərin yeni dərs ilinə həvəslə hazırlaşdıqlarını bildiriblər.
   Bilik Fondunun icraçı direktoru kənd müəllimi Leyla Maqsudovanın yaşadığı mənzildə də olub. Fondun "Ev kitabxanası" layihəsini xatırladan O.Səmədov bildirib ki, Cocuq Mərcanlıya növbəti səfər zamanı mənzillərdə kitabxanaların formalaşmasına təkan vermək məqsədilə ailələrə kitablar hədiyyə olunacaq. Nümayəndə heyəti Cocuq Mərcanlı məscidini ziyarət edib. Məscidə kitablar hədiyyə edilib.