Bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1 milyon 81 min adam-gecə olub.
   Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9 faiz, gecələmələrin sayında isə 52 faiz artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4 faizi xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9 faizini təşkil edib.
   Gecələmələrin 58,2 faizi Bakıda, 9,3 faizi Qəbələdə, 5,8 faizi Qusarda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,5 faizi Şamaxıda, 1,4 faizi Xaçmazda, 17,6 faizi isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.
   Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur. Gəlirlərin 68,8 faizi nömrələrin satışı üzrə xidmətlərdən, 21,4 faizi içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97 milyon manatı (71 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.