Lənkəran Dövlət Dram Teatrı özünün 127-ci mövsümünə sentyabrın 20-də başlayacaq. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, həmin gün tamaşaçılara yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” komediyası təqdim olunacaq.
   Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...
   Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova və başqaları oynayır.