Regional mədəniyyət və turizm idarələri rəhbərlərinin beynəlxalq təcrübəsinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyini təmsil edən nümayəndə heyəti bu günlərdə Rusiya Federasiyasına səfər edib.
   Nümayəndə heyətinə nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Gəncə, Sumqayıt, Xaçmaz və Biləsuvar regional mədəniyyət və turizm idarələrinin rəhbərləri (Sənan Hacıyev, Mehman Şükürov, Nazim Ağayev və Elçin Hüseynov) daxil idi.
   Səfər çərçivəsində Moskva şəhərinin bir sıra mədəniyyət ocaqları - Moskva Muzey İnkişafı Mərkəzi, çoxfunksiyalı Mədəniyyət mərkəzi, “ZİL” Mədəniyyət mərkəzi, Qaydar adına Mərkəzi uşaq kitabxanası, N.Qoqolun xatirə evi, Puşkin adına kitabxana, Rixter adına Uşaq incəsənət məktəbi, “QULAQ” Tarix muzeyinə baxış keçirilib, bu müəssisələrin iş fəaliyyəti, o cümlədən büdcədənkənar vəsaitlərin cəlb edilməsi, mədəniyyət işçilərinin əməyinin stimullaşdırılması mexanizminin təkmilləşdirilməsi təcrübəsi ilə tanışlıq olub.
   Baxış keçirilən müəssisələrin rəhbər və kollektivləri ilə gerçəkləşən müzakirələr zamanı Azərbaycanda mədəniyyət sahəsində aparılan struktur islahatları, son dövrdə bu istiqamətdə görülən tədbirlər barədə ətraflı məlumat verilib.