Azərbaycan mədəniyyətinə və incəsənətinə ağır itki üz verib. Azərbaycan aşıq sənətinin canlı klassiki, ustad aşıq, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ədalət Nəsibov 2017-ci il sentyabrın 14-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
   Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib və gənc yaşlarından fitri istedadı ilə seçilib, qısa müddətdə tanınıb, şöhrət qazanıb, Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub.
   XX əsrin ortalarından sənətə gələn Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti ilə seçilən, saz ifaçılığına yenilik gətirən və özünün məktəbini yaradan sənətkardır. O, Azərbaycan solo saz ifaçılığının təkrarsız və əzəmətli simalarından biridir. Bu gün sənətə gələnlərin böyük əksəriyyəti onu özünə müəllim hesab edir, onun sənət yolunu davam etdirirlər.
   Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Fransa, İtaliya və Avropanın digər ölkələrində bənzərsiz ifaları ilə sazımızı sevdirib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.
   Hələ sağlığında hər sənətkara nəsib olmayan bir zirvəyə ucalan Ədalət Nəsibov təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarında - bir sözlə, sazın ruhu duyulan hər yerdə yaxşı tanınıb, sevilib, ona hər yerdə “Dədə Ədalət” deyə müraciət ediblər.
   Ədalət Nəsibovun bənzərsiz ifaları bu gün həm də Azərbaycan kinosunun “Yeddi oğul istərəm” və digər filmlərində yaşayır.
   Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmişdir.
   Böyük ustadın əziz xatirəsi onu tanıyanların, yaxınlarının və bütünlükdə sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
   
   Allah rəhmət eləsin.
   
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
   Azərbaycan Aşıqlar Birliyi