Sentyabrın 14-də Səməd Vurğunun ev-muzeyində Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın xatirəsi yad edilib.
   Muzeyin direktoru Nüşabə Vəkilova-Babayeva A.Vəkilovanın ömür yoluna və gördüyü işlərə nəzər salıb.
   Bildirib ki, o, atası haqqında nəşr olunan kitabların redaktoru, məsləhətçisi və Səməd Vurğun irsinin layiqli təbliğatçısı kimi yorulmaz fəaliyyət göstərib. S.Vurğunun ev-muzeyinin direktoru və Vurğun Fondunun prezidenti olub.
   “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tarixçi-jurnalist Şəmistan Nəzirli, AMEA-nın əməkdaşı, vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy və digər elm, mədəniyyət, incəsənət xadimləri, mərhumun yaxın rəfiqələri onunla bağlı xatirələrini dilə gətiriblər.
   Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc pianoçu Vurğun Vəkilov vaxtilə nənəsinin çox sevdiyi əsərləri - Raxmaninovun və Şopenin musiqisindən seçmələr ifa edib.
   Sonda Aybəniz Vəkilovaya həsr edilmiş film nümayiş olunub.