Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Belqrad Etnoqrafiya Muzeyinin kino zalında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası nümayiş olunub.
   Filmin nümayişi Azərbaycanın Serbiyadakı səfirliyi və Mədəniyyət mərkəzinin təşəbbüsü və dəstəyi ilə reallaşdırılıb. 
   Mədəniyyət mərkəzinin direktoru, professor Zərifə Əlizadə izləyicilərə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verib, dahi bəstəkarın müsəlman Şərqində ilk operanın müəllifi, eləcə də Azərbaycan dövlət himninin müəllifi olduğunu vurğulayıb. Bildirilib ki, bəstəkarın doğum günü Azərbaycanda Milli musiqi günü kimi qeyd olunur.