Milli Məclisin Mədəniyyət komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Mədəniyyət haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
   Dəyişikliyə əsasən qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab ediləcək. Qanunun hazırkı variantında qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab olunur. 
   Qanuna təklif edilən digər əlavəyə görə, kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu qanunun müvafiq maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən, mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir. 
    Layihədə qeyd edilir ki, təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajların üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır. 
   Layihə parlamentin plenar iclasına tövsiyə olunub.