Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli musiqi günü münasibətilə “Canlı xatirə” adlı konsert proqramı təqdim olunub.
   Tədbir “ASAN Könüllüləri” təşkilatı, BMM, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib.
   “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva, Əməkdar artist Ülviyyə Hacıbəyli Milli musiqi gününün əhəmiyyətindən, dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından danışıblar.
   Sonra “ASAN Könüllüləri”nin, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Sevgili canan” romansı və digər əsərlər ifa olunub.
   * * *
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində “Üzeyir musiqi dünyası” adlı konsert keçirilib.
   Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Təbəssüm” kukla teatrının, “Məşəl” və “Xəzər” rəqs kollektivlərinin, fortepiano, sintezator, saz, gitara, nağara, rəsm, şahmat, toxuculuq, qadın bərbəri kursları üzvlərinin çıxışlarını qəsəbə sakinləri maraqla qarşılayıblar.