Moskvadakı N.Ostrovski adına Mədəniyyət mərkəzində Beynəlxalq Şairlər İttifaqının və Rusiya Yazıçılar İttifaqının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilmiş tədbir keçirilib.
   Xatirə gecəsini jurnalist-şərqşünas Aida Soboleva açaraq qeyd edib ki, Nəsiminin şəxsiyyəti, onun idealları və əqidəsi müasir dövrümüzlə səsləşir. Nəsiminin bütün həyatı cəhalətə və nadanlığa qarşı mübarizəyə həsr edilib və son nəticədə o, həmin şər qüvvələrin qurbanı olub.
   Gecənin aparıcısı - kulturoloq, “İslamskaya kultura” jurnalının və eyniadlı saytın baş redaktoru Sergey Markus Nəsimi dühasının ümumbəşəri əhəmiyyəti, onun fəlsəfəsinin universallığı barədə danışaraq qeyd edib ki, bu fəlsəfə bir din çərçivəsinə sığışmır, o, bütün konfessiyaların nümayəndələri üçün əlyetərli, onların hamısına yaxındır.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ölkəmizin Rusiyadakı səfirliyi yanında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nigar Axundova şairin vətənində ona göstərilən yüksək ehtiram barədə danışıb. Bildirib ki, AMEA-nın Dilçilik İnstitutu, Bakı şəhərinin rayonlarından biri Nəsiminin adını daşıyır. Azərbaycanın müxtəlif şəhərlərində küçələrə, parklara, məktəblərə onun adı verilib.
   Nəsimi obrazı Azərbaycan bəstəkarlarını, kinematoqrafçılarını, rəssamlarını və heykəltəraşlarını ruhlandırıb. Həsən Seyidbəylinin “Nəsimi” filmində şairin obrazını Xalq artisti Rasim Balayev canlandırıb. Bəstəkar Fikrət Əmirov “Nəsimi dastanı” adlı xoreoqrafik poema yaradıb. Bu il Firəngiz Əlizadənin “Nəsiminin iztirabları” adlı monumental əsərinin Amsterdamda böyük uğurla keçmiş premyerası sözün əsl mənasında böyük mədəni hadisə oldu.
   N.Axundova qeyd edib ki, Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı və bu əlamətdar tarixlə əlaqədar UNESCO-nun qərargahında tədbirlər keçirilməsi Azərbaycan dövlətinin mədəniyyətə və tarixə qayğıkeş münasibətinin sübutudur.
   Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Afaq Şıxlı Nəsiminin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış edib, Nəsimiyə həsr etdiyi şeirini oxuyub.
   Xatirə gecəsində Əməkdar artist Qorxmaz Axundovun ifasında Azərbaycan muğamı səslənib.
   Rusiyalı məşhur şair-tərcüməçi Mixail Sinelnikov da Nəsimiyə həsr etdiyi şeirini oxuyub. İran, Suriya, Tacikistan və Livandan poeziya həvəskarlarının da qatıldığı tədbirdə Nəsiminin şeirləri Azərbaycan, rus, fars və ərəb dillərində səslənib.