Sentyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan və Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunmuş böyük bayram proqramı keçirildi. 
   Sarayın foyesində qonaqları iki ölkənin diplomatik münasibətlərinə həsr olunmuş sərgi qarşıladı. 
   «ARİRANQ - Azərbaycanın qanını coşdur!» adı verilmiş bayram tədbiri Koreya milli rəqsi ilə başladı. İncə naxışlı ipəkdən tikilmiş, rəngləri gözoxşayan milli geyimli qızların zərif və iti hərəkətli rəqsi seyrçidə sübh çağı su üzərində süzən, arabir qanadları ilə suya toxunan quş dəstəsinin uçuşunu xatırladırdı.
   Sonra Hanbok dizayneri Kim Jivonun hazırladığı geyim kolleksiyası nümayiş olundu. Xanım Jivon Azərbaycan tamaşaçısına qədim kral ailəsi və zadəganların geyim nümunələrini təqdim etsə də, o öz ölkəsində milli musiqi və rəqs ifaçıları üçün ənənəvi geyim eskizlərinin müəllifi kimi də məşhurdur. Koreya milli geyimlərini nümayiş etdirən modellər isə xanım Lee Je Hyuongun əl işi olan saç bəzəkləri və saç düzümləri ilə səhnəyə çıxmışdılar. 
   Bu göstərilərin ardınca səhnəyə çıxan Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu və onun xanımı da milli geyimdə idilər. Səfir bu tədbirin Bakıda böyük mədəniyyət festivalı səviyyəsində keçməsini diplomatik nümayəndəliyin «Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası» (SEBA) İctimai Birliyi ilə əməkdaşlığının nəticəsi kimi dəyərləndirdi. Azərbaycan və Cənubi Koreya sənətçilərinin birgə konsertini böyük sevinclə qarşıladığını bildirən diplomat dedi ki, bu gün Azərbaycan muğamının Koreyanın qayaqqım musiqi alətində birgə ifası xalqlarımızın ortaq mədəni köklərini tapmaqda kömək edəcək və eyni Altay dil qrupuna daxil qardaş dövlətlər olaraq bu möhkəm bağlılığımızı bir daha hiss etməyimizə səbəb olacaq. 
   Daha sonra taekvondo nümayiş qrupunun üzvləri öz məharətlərini göstərdilər. Ən təhlükəsiz idman döyüş sənətinin vətənindən gəlmiş «Kukkiwon» qrupunun üzvləri daha çox akrobat kimi çıxış edərək, ağlasığmaz tryukları, fəndləri ilə salondan gur alqış qopardılar. Koreya Milli Musiqi Mərkəzi Xalq Orkestri ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestrinin muğam üçlüyünün birgə çıxışı, «Sarı gəlin» xalq mahnısının Koreya milli musiqi alətlərində ifası, qeyri-adi doğmalıqla səslənişi də alqışlarla qarşılandı. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, «Hannuri» rəqs ansamblının çıxışları iki fərqli sivilizasiyanın sənət nümunəsi təsiri bağışlasa da, zövq müxtəlifliyinin, bənzərsizliyin əməkdaşlığa mane olmadığını sübuta yetirirdi. 
   «Modumbuk» zərb alətləri qrupunun çıxışlarını isə təkcə musiqi nömrəsi hesab etmək insafsızlıq olardı. Akrobatika elementlərini öz rəqslərinə əlavə etmiş musiqiçilər əsl şou göstərdilər. 
   O ki qaldı konsert üçün seçilmiş devizdəki “Ariranq” kəlməsinə, bu, koreyalıların özlərinə verdikləri addır. İnsanın qəlbindəki duyğuların coşmasına gəlincə, bundan ötrü dost sevgisindən güclü hiss tapılmaz. 
   
   Gülcahan