Xəbər verdiyimiz kimi, 2017-ci ilin 5-6 iyun tarixində Moskvada keçirilən MDB ölkələri XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsində Azərbaycanın təqdim etdiyi 14 kitabdan 11-i müxtəlif nominasiyalar üzrə qalib gəlmişdi.
   Sentyabrın 8-də 30-cu Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Kitab sənəti” müsabiqəsinin qalib nəşrlərinə diplomların təqdimolunma mərasimi olub. Azərbaycan kitablarının mükafatları müsabiqənin münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya təqdim edilib.
   Sektor müdiri həmçinin 7-9 sentyabr tarixində Moskvada keçirilən MDB-nin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının XXII iclasına da qatılıb və “Uşaq və gənclərin mütaliəsinin vəziyyəti və onun təkmilləşdirilməsi ilə bağlı tədbirlər” mövzusunda məruzə ilə çıxış edib.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Kitab sənəti” müsabiqəsinə təqdim olunan Azərbaycan kitabları ənənəvi olaraq yüksək yerlərə layiq görülür. Azərbaycan budəfəki müsabiqədə ən çox nominasiya üzrə qalib gəlmiş ölkədir.
   Müsabiqədə qalib gəlmiş kitablar barədə məlumatları diqqətinizə təqdim edirik:
   Səlim Babullaoğlunun “Rasim Əliyev. Xatirələr” kitabı - “Qran-pri” laureatı;
   Nazirliyin nəşri olan Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabı - “Birlik” nominasiyasında II yer;
   Sevda Dadaşova, Elbəy Qasımzadə, Fazil Məmmədov. “Bakı - tarixin səhifələri” - “Mənim ölkəm” nominasiyası III yer;
   Solmaz Amanova. “İlmənin macəraları” (Azərbaycan, rus və ingilis dillərində) - “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə II yer;
   Nazirliyin nəşri olan “Azərbaycan doğma diyar. Milli azlıqların V Respublika Festivalının materialları” kitabı - “Mədəniyyətlərin dialoqu” nominasiyasında III yer;
   F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay, V.Babayev. “Müasir kurort işində quru palçıq formaları” - “Elm və innovasiya” III yer;
   Esmira Fuad. “XX əsr Güney Azərbaycan epik şeiri” kitabı - “Tədris ədəbiyyatı və təhsil” III yer;
   Nazirliyin nəşri olan “Rəşid Behbudov. Sönməz ulduz” kitabı - “Art kitab” II yer;
   Gülzar İbrahimova. “Sirus və Virusun macəraları” kitabı - “Birlikdə nəşr olunub” nominasiyası III yer;
   Nazirliyin nəşri olan “Molla Nəsrəddin lətifələr” kitabı - “İllüstrasiya sənəti nominasiyası üzrə III yer;
   Nazirliyin nəşri olan Sabir Rüstəmxanlının “İki kəlmə” kitabı - “Xüsusi diplom”a layiq görülüb.