“Molla Pənah Vaqifin şeirləri qazax dilinə tərcümə edilməlidir və mən bilavasitə bu işlə məşğul olacağam” 
   
   Kulbek Ergöbek Sarsenulı Qazaxıstanın tanınmış türkoloq və filoloqudur. Hazırda Türküstan şəhərində yaşayır və Əhməd Yasəvi Universitetində rektorun müşaviri işləyir. Bu yaxınlarda Türküstana səfərimiz zamanı onunla, öz imkanları hesabına qurduğu və türk dünyasını əhatə edən kitabxana və muzeylə tanış olduq. Söhbətimiz də elə türk dünyası mövzusunda oldu. 
   
   - Kulbek bəy, əvvəlcə özünüz haqqında məlumat verərdiniz...
   - Mən uzun illər elmi fəaliyyətlə yanaşı, həm də mətbuatda çalışmışam. Yüzlərlə məqaləm, 60-a yaxın kitabım çap olunub. Kitablarım bir çox xalqların dillərinə tərcümə edilib. 30 ilə yaxın Almatı şəhərində yaşamışam. 2002-ci ildə Türküstan şəhərinə köçdüm. Buna səbəb bu şəhərdə türk dünyasının ortaq dəyəri, böyük sufi şairi Əhməd Yasəvinin adını daşıyan universitetin olması idi. Baxmayaraq ki, Yasəvi orta əsrlərdə Türküstan şəhərində yaşayıb, burada fəaliyyət göstərib, düşünürəm ki, o da bu il 300 illiyini qeyd etdiyimiz Molla Pənah Vaqif kimi ümumtürk şairidir. Yasəvinin adı bütün türk dünyasına bəllidir və müxtəlif türk respublikalarında onun adını daşıyan məktəblər fəaliyyət göstərir. 30 il Almatıda yaşadıqdan sonra Türküstana köçüb burada yaşamaq bir tərəfdən darıxdırıcı olsa da, digər tərəfdən deyərdim ki, heç nə itirməmişəm. Ona görə ki, Türküstan təkcə Qazaxıstanın şəhəri deyil, bu qəlbi türk ruhu ilə döyünən ümumtürk şəhəridir. Sovet zamanında Türküstan gözdənuzaq bir əyalət şəhəri idi. Amma bu şəhər üç yüz il Qazax xanlığının mərkəzi olub. Qazaxıstan öz müstəqilliyini elan edəndən sonra bu şəhərin həyatı dəyişdi. Prezident Nursultan Nazarbayev deyir ki, Türküstan təkcə qazax şəhəri kimi deyil, həm də bütün türk xalqlarının mənəvi paytaxtı kimi inkişaf etdirilməlidir. Bu il Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən Türküstanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.
   - Bu günlərdə Türküstan TÜRKSOY-un “Şairlər görüşü” layihəsinə də ev sahibliyi etdi və bu görüş böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuşdu. Siz həm də tədbirin moderatoru idiniz. Bu görüş sizdə necə bir təəssürat yaratdı?
   - Məncə, bu şəhərdəki xoş hadisələrdən biri məhz Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən “Şairlər görüşü” layihəsi oldu. Deyərdim ki, biz onu bəzən tanımışıq, bəzən də tanımamışıq. Ona görə ki, sovet dövründə az təbliğ olunub. Halbuki, Vaqif müdrik bir insan olub. Şair olmaqla yanaşı uzun illər Qarabağ xanının vəziri kimi də çalışıb, ağıllı qərarlar qəbul edib, xalq tərəfindən sevilib. Sadə dildə yazıb. Bilirsiniz, belə şəxsiyyətlər bizdə də yaşayıb-fəaliyyət göstərib və bilərəkdən az təbliğ olunublar. Demək olar ki, onları unutdurmağa çalışıblar. Onun həyatı, yaradıcılığı ilə tanış olduqda görürsən ki, Vaqif çox böyük şəxsiyyət olub. Bu layihədən sonra bir daha bu faktı anladıq. Düşünürəm ki, bundan sonra Vaqifin şeirləri qazax dilinə tərcümə edilməlidir və mən bilavasitə bu işlə məşğul olacağam. Yəni bu tədbir bizim üçün çox faydalı oldu. 
   - Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə nə dərəcədə tanışsınız? 
   - Deyim ki, mən Azərbaycan ədəbiyyatını pis bilmirəm. Çünki biz keçmiş sovet respublikaları zamanında ünsiyyətdə olmuşuq. Ədəbi tənqidçi Vilayət Quliyevlə dəfələrlə görüşmüşük. Zamanında “Azərbaycan” jurnalına abunə olmuşdum. Çünki bu, SSRİ dövründə asan idi, biz, necə deyərlər, eyni damın altında yaşayırdıq. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə İbrahimov, Anarın yaradıcılığı ilə tanışam. Sovet dönəmində tərcümələr çox olduğundan bir-birimizin ədəbiyyatı ilə də yaxından tanış idik. Təəssüf ki, sovetlər dağıldıqdan sonra biz yaxınlaşmaq əvəzinə uzaqlaşdıq. Ədəbi əlaqələrimiz kəsildi. Mən türk dilini bilmirəm, Azərbaycan ədəbiyyatını da rus dilində oxumuşam. Amma ədəbi tənqidçi davamlı ədəbiyyat oxumalıdır. Bunu da mənə öz müəllimim öyrədib. 
   - Bildiyimizə görə, siz həm də böyük qazax alimi, əski türk ədəbiyyat araşdırmaçısı, professor Beysenbay Kencebayevin tələbəsi olmusuz. Bu faktor həyatınıza necə təsir göstərib? 
   - Onun mənim həyatımda çox böyük və həlledici rolu olub. Böyük alimimiz hələ sovet zamanında belə bir məsələ qaldırdı ki, qazax ədəbiyyatının tarixi Orxon-Yenisey yazılarından, vətən tariximiz isə türk xaqanlıqları, türk dövlətlərinin qurulmasından başlamalıdır. Təsəvvür edin, buna görə az qalmışdı ki, onu güllələsinlər. Bəli, o sovet zamanında belə qlobal məsələlər qaldırmışdı. Elə buna görə də, həbs edildi və haqqında ölüm cəzası verildi. Yalnız 1953-cü ildə Stalinin ölümü onu son anda xilas edə bildi. Mən özümü təkcə onun tələbəsi saymıram, o həm də mənim mənəvi atam olub. 1980-ci ildən 1987-ci illərə qədər, yəni tələbəlik illərimdə onun evində yaşamışam. Elə birinci kursdan müəllimimin təlim-tərbiyəsi, nəzarəti altında yetişmişəm. Bu xoşbəxtlik hər adama nəsib olmur. 
   - Kulbek bey, Türküstanda diqqətimi çəkən həm də sizin öz imkanlarınız hesabına qurduğunuz və türk dünyasını əhatə edən zəngin kitabxana, muzey və qalereya oldu. Bu ideya haradan yarandı sizdə? 
   - Bu üç məkanın türk dünyasında analoqu yoxdur. İnsanlar çox maraqlanır və ziyarət edirlər. Mən bununla göstərmək istəyirəm ki, biz eyni kökdən gələn vahid türk xalqıyıq. Vaxtilə, 1920-ci ildə Orenburq bizim paytaxtımız olub. O zaman başqırd, tatar və çuvaşlar Türküstanla birləşmək istəyib. Bunu görən Rusiya Orenburqu ayırıb və bir rus vilayəti yaradıb. Bununla da aramızda sanki bir sədd qurub. Bundan sonra tariximizi itirdik, bir-birimizdən uzaq düşdük. Belə bir ümumtürk kitabxanasının qurulması mənim müəllimim, dəyərli elm adamı Beysenbay Kencebayevin arzusu idi və mən onu həyata keçirdim. Bütün həyatımı bu kitabları toplamağa həsr etdim və Türküstana gəldikdən sonra məqsədimi reallaşdırdım. İndi kitabxanada özbək, qazax, qırğız, Azərbaycan və digər türk xalqları ədəbiyyatından nümunələr görə bilərsiniz. Digərlərindən fərqli olaraq Azərbaycan bizə bir qədər uzaq olduğu üçün kitablar da müqayisədə bir az azdı. Amma düşünürəm ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq. Kitabxanada 40 min kitab var. Əlbəttə, bu kiçik rəqəm deyil, amma mənə görə çox da deyil. Düşünürəm ki, bu hələ başlanğıcdır. Gələcəkdə kitabxana daha da böyüyəcək. Eyni zamanda, məncə, belə bir kitabxana, muzey və qalereya bütün türk respublikalarında olmalıdır. Kitab mənəvi bir karvandır və bizi birləşdirir. 
   - Türküstanın “Türk dünyasının mədəniyyət paytaxtı” olması şəhərdə hansı dəyişikliyə səbəb oldu? Bu şəhərə necə təsir göstərdi?
   - TÜRKSOY bu layihə ilə gözəl bir missiya həyata keçirir. “Paytaxt ili” Türküstanın daha da tanınmasına, dirçəlməsinə vəsilə oldu. Bu il bütün türk dünyasının diqqəti Türküstana yönəldi. Bu tədbirlərdən sonra bir daha dərk edirik ki, biz vahid xalqıq, bir ağacın qollarıyıq. Yaxınlaşdıqca bir-birimizi daha yaxşı tanıyırıq. 
   
   Mehparə Sultanova
   Ankara