Paytaxtın birinci konsert salonu sayılan Heydər Əliyev Sarayında yeni mövsümdə hər yaş tamaşaçı zövqünə uyğun zəngin konsert proqramları hazırlanıb təqdim olunacaq. 
   Saray yeni mövsümdə daha bir yeni layihəni təqdim edir. “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq. 
   Sentyabrın 25-də isə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi musiqi" adlı konsert-tamaşa keçiriləcək.
   Sentyabrın 29-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əlağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecədə xanəndələr şairin qəzəllərinə bəstələnmiş musiqiləri səsləndirəcəklər. Xanəndələri Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcək. 
   * * *
   Oktyabrın 12-də Heydər Əliyev Sarayında “Ulduzların dueti” adlı konsert proqramı keçiriləcək. Konsertdə xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Almaz Orucova, Almaz Ələsgərova, Təyyar Bayramov, Zakir Əliyev, İlahə Əfəndiyeva və başqaları iştirak edəcəklər.
   Oktyabrın 18-də isə dünya şöhrətli fransız müğənni Patrisiya Kaas dünya turu çərçivəsində Bakıda səhnəyə çıxacaq. “Patricia Kaas” albomuna daxil olan yeni musiqilərin təqdim ediləcəyi konsertdə tamaşaçıları möhtəşəm şou-proqram gözləyir.
   20-21 oktyabr tarixində tanınmış müğənni Nuri Sərinləndiricinin “Etiraf” adlı solo konserti keçiriləcək. 
   Oktyabrın 26-da isə sarayın səhnəsi yerli caz ifaçılarına veriləcək. Bakı Caz Festivalı çərçivəsində təqdim ediləcək “jAzzeri Muğam Bands” caz musiqisi axşamında Əməkdar incəsənət xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov, Nicat Aslanov və Afşin Əlizadə kvarteti iştirak edəcək.
   
   Lalə