Sentyabrın 20-də Lənkəran Dövlət Dram Teatrı özünün 127-ci mövsümünə başlayıb. 
   Bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, aktrisa Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrdən danışıblar. 
   Sonra yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” komediyası təqdim olunub.
   Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşanın rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Allahverən Babayev, Təranə Fərəcova, Sayad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.