Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının daha bir konserti Sumqayıtda gerçəkləşib.
   Sentyabrın 20-də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konserti olub. Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluq etdiyi konsertdə dünya və Azərbaycan bəstəkarlarının - Volfqanq Amadey Motsart, Pyotr Çaykovski, Rodion Şedrin, Giya Kançeli, Arvo Pyart, habelə Qara Qarayevin, Firəngiz Əlizadənin əsərləri ifa olunub. Konsert alqışlarla qarşılanıb.
   * * *
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Milli musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə tədbirlər keçirilib.
   Abşeron rayon Xırdalan şəhər 11 illik Uşaq musiqi məktəbində keçirilən tədbiri giriş sözü ilə idarənin baş məsləhətçisi İlham Manafov açaraq ölməz bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib.
   Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi qəsəbə sakinləri qarşısında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. 
   Qobu qəsəbə Uşaq incəsənət məktəbində keçirilən tədbirdə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi parçaları səslənib.
   Sumqayıt şəhər Q.Qarayev və F.Əmirov adına musiqi, Bülbül və S.Rüstəmov adına uşaq incəsənət məktəblərində keçirilən tədbirdə bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Müəllim və şagirdlərin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.
   Zəngilan rayon Bartaz kənd, Mincivan qəsəbə, Zəngilan şəhər uşaq musiqi məktəblərində də konsert keçirilib.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəbləri də dahi bəstəkarın xatirəsini yad edib. 
   Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik və 2 nömrəli uşaq musiqi məktəblərində, F.Qasımov adına incəsənət məktəbində böyük sənətkarın yaradıcılığından söz açılıb, musiqi nömrələri səsləndirilib.
   Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkil etdiyi tədbirdə regional idarənin məsləhətçisi Rafiq Məmmədov çıxış edərək mədəniyyət sahəsinə olan dövlət qayğısından, musiqimizin inkişafı, təbliği istiqamətində görülən işlərdən bəhs edib. Şəhər 1 nömrəli və Malbinəsi, Xaldan, Qarxun kənd, həmçinin, Aran qəsəbə uşaq musiqi məktəblərində də əlamətdar günlə bağlı tədbirlər təşkil edilib.
   * * *
   Şəki şəhər 2 saylı Uşaq musiqi məktəbində Üzeyir Hacıbəylinin doğum və musiqi günü ilə bağlı konsert keçirilib. Şagirdlərin xüsusi sevgi ilə ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və alqışlanıb.