Çinin yüksək reytinqli ali təhsil ocaqlarından olan Pekin Universitetində bu dərs ilindən Azərbaycan dilinin tədrisinə başlanılıb. Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr ikinci dil kimi Azərbaycan dilini seçib öyrənmək imkanı qazanıb.
   Azərbaycan dilini Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədris edir. Dərslər çərçivəsində çinli tələbələrdə Azərbaycan haqqında ətraflı məlumatın olması üçün xalqımızın zəngin mədəniyyəti, ölkəmizin tarixi, müasir inkişafı barədə məlumatlar da verilir.
   Xatırladaq ki, bu ilin fevralından başlayaraq 76 dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili dərsləri də keçilir. Universitetin planına əsasən, 2018-2019-cu tədris ilində Azərbaycan dili ixtisası üzrə bakalavr pilləsinə tələbə qəbulu aparılacaq.