Bakıda Meksikanın Müstəqillik Günü ilə bağlı qəbul keçirilib. Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, ölkəsi Azərbaycanla mövcud əlaqələri inkişaf etdirmək istəyir.
   Səfir qeyd edib ki, neft və qaz iki ölkə arasında münasibətlərin əsas sahələrindən biridir. Ticarət dövriyyəsi böyük olmasa da, son illərdə artmaqdadır. 2014-cü ildə bu rəqəm 2 milyon dollar, 2016-cı ildə isə 21 milyon dollara yaxın olub. Səfir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən də danışıb, Bakıda meksikalı rəssamların əsərlərinin sərgiləndiyini diqqətə çatdırıb. 
   Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Anar Canəhmədov tədbirdə çıxış edərək bildirib ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açıldıqdan sonra müxtəlif sahələrdə təmaslar genişləndirilib, sazişlər imzalanıb.
   XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Meksikanın obyektiv mövqeyini də qeyd edib: "Meksika parlamentinin 2011-ci ildə Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk".