Xəbər verdiyimiz kimi, 12-14 sentyabr tarixində Qazaxıstanın Türküstan şəhərində VIII Türk dünyası ədəbiyyat jurnalları konqresi keçirilib. 2017-ci ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Türküstan ilboyu bir çox beynəlxalq tədbirlərə, görüşlərə ev sahibliyi edib.
    VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresinə 11 türk dövlət və toplumundan 34 ədəbiyyat nəşri təmsil olunub. Ölkəmizi tədbirdə “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva və “Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid təmsil edib. 
   Konqresin Xoca Əhməd Yasəvi Universitetində keçirilən təntənəli açılış mərasimində TÜRKSOY baş katibinin müavini, professor Fırat Purtaş, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu, Südabə Ağabalayeva, “Varlıq” jurnalının (İran) baş redaktoru Rza Heyət və digər çıxış edənlər Qazaxıstanın latın əlifbasına keçməsi ilə Prezident Nursultan Nazarbayevin verdiyi tarixi qərarın əhəmiyyəti barədə danışaraq fikir və düşüncələrini iştirakçılarla bölüşüblər. 
   Konqresdə tanınmış özbək yazarı Şükrullah “Türk dünyasında ilin ədəbiyyat adamı” mükafatı ilə təltif olunub. 96 yaşlı yazar səhhətiylə bağlı tədbirdə iştirak edə bilmədiyindən mükafat ona çatdırılması üçün özbəkistanlı jurnalist Dauran Tajalievə təqdim edilib. 
   Konqres nümayəndələrindən bir qrupunu Güney Qazaxıstan vilayətinin valisi Janseyit Tüymebay qəbul edib. Görüşdə latın əlifbasına keçidlə bağlı müzakirələr aparılıb. 
   Tədbir çərçivəsində Türkiyənin tanınmış elm adamı, professor İlber Ortaylının “Tarix boyunca əlifba dəyişikliyi və etkiləri” mövzusunda geniş məruzəsi də böyük maraqla qarşılanıb.
   Konqresin sonunda Yakup Öməroğlu təklifləri müzakirəyə çıxarıb. Qərara alınıb ki, jurnallarda “Türk dünyası ədəbiyyatı” bölmələri açılsın. Konqresə qatılan dərgilərin yubileylərinin qeyd olunması və bu barədə yazılar dərc edilməsi də qərara alınıb. 
   Tədbirdə tatar şairi Zinnur Mansur 2017-ci ildə “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib və ilboyu onun şeirlərinin, yaradıcılığı haqqında yazıların çap olunması tövsiyə edilib. 
   Sonda iştirakçılar TÜRKSOY-a, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğluna, VIII Türk ədəbiyyatı dərgiləri konqresinin keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.