Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri (1839, 1846) “Zərdabi” nəşriyyatında işıq üzü görüb.
   Azərbaycan dilinin ilk elmi qrammatikası olan kitabın nəşrindən 178 il sonra onu rus dilindən ana dilimizə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib. 
   Üç hissə və 22 fəsildən ibarət 1000 səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə İ.Abbasov Mirzə Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edərək sanballı tədqiqat işi aparıb.
   Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və Azərbaycan dilçiliyində mühüm hadisə kimi qiymətləndirilən kitabın məsləhətçisi mərhum dilçi alim, akademik Tofiq Hacıyev, elmi redaktoru akademik Nizami Cəfərov, redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müqayisəli tarixi və tipoloji dilçilik ixtisası üzrə dissertantı Elnurə Abbasovadır.