Sentyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisinin açılışı keçiriləcək.
   Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcək.
   Asəf Əli İsgəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda anadan olub. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, 1951-1957-ci illərdə B.İ.Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. 1957-ci ildə institut tərəfindən Hindistan və Pakistana yaradıcılıq ezamiyyətinə göndərilib.
   Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında məxsusi kompozisiya və koloriti ilə fərqlənən əsərlər yaradıb. Rəssamın yaradıcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.
   Görkəmli fırça ustası “Əlağa Vahid”, “Vaqif Mustafazadə”, “Səttar Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərin, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün", “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və s. əsərlərin müəllifidir. Rəssam “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərini tarixi janrda işləyib.
   Rəssam yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) müxtəlif mövzulu tablolar yaradıb. Beynəlxalq sərgilərin iştirakçısı olub, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”ndə (1980) Qran-pri mükafatını qazanıb.
   Asəf Cəfərov 2000-ci ildə vəfat edib.
   Xalq rəssamının yubiley sərgisi sentyabrın 30-dək davam edəcək.