COMCEC-in Turizm üzrə işçi qrupunun görüşü keçirilib
   
   Sentyabrın 21-də Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə işçi qrupunun “Turizm sektorunda risk və böhranların idarə olunması: İƏT-ə üzv ölkələrdə böhranların aradan qaldırılması təcrübəsi” mövzusunda araşdırma hesabatı ilə bağlı 10-cu görüşü keçirilib. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin məsləhətçisi Azər Orucov təmsil edib.
   Görüşdə 14 müsəlman ölkəsindən (Malayziya, İndoneziya, İran, Maldiv, Qambiya, Seneqal və s.) turizm sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də turizm sahəsində araşdırma, konsaltinq və səyahət xidmətləri üzrə ixtisaslaşmış beynəlxalq qurum və şirkətlərin, Dünya Səyahət və Turizm Şurasının (WTTC) ekspertləri iştirak edib.
   Tədbirdə “Risk və böhranın təsirlərinin aradan qaldırılması üçün strategiya və tədbirlər”, “Turizm sektorunda risk və böhranların idarə olunması: araşdırma aparılan ölkələrin təcrübəsi, əsas çətinliklər, tövsiyələr və perspektivlər” mövzularında təqdimatlar olub. COMCEC-in növbəti nazirlər sammiti zamanı təsdiq olunması nəzərdə tutulan mövzu ilə əlaqədar siyasi tövsiyələrin hazırlanması məqsədilə müzakirələr aparılıb.