Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyevin AZƏRTAC-a müsahibəsi
   
   - Əvvəlcə Milli Turizm Təbliğat Bürosu barədə qısa məlumat verərdiniz.
   - Milli Turizm Təbliğat Bürosu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən - “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq 2017-ci ilin fevral ayında publik hüquqi şəxs qismində təsis edilib. Qurumun yaradılması ölkəmizin turizm sahəsində beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılmasına nail olmaq məqsədi daşıyır.
   
   - Təsis edildiyi dövrdən etibarən büro hansı fəaliyyətlərlə məşğul olub?
   - Milli Turizm Təbliğat Bürosu qısa vaxt ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində əməli fəaliyyətə başlayıb və Bakı şəhərinin turistlər üçün daha maraqlı istiqamətlərdən biri kimi tanıdılması və turistlərin qarşılaşdığı bir sıra çatışmazlıqların aradan qaldırılması istiqamətində layihələr təqdim edib. Ötən müddət ərzində daxili və xarici tərəfdaşlarımız ilə birgə Bakıya bir sıra ölkələrdən turizmin müxtəlif sahələri üzrə tanınmış blogerlərin səfəri təşkil edilib, onlarla ortaq layihələr həyata keçirilib. Bakı şəhərinin turistlər üçün maraqlı hesab edilə biləcək, lakin bir o qədər məşhur olmayan məkanları barədə videoçarxlar və digər təqdimat materialları hazırlanaraq müxtəlif təbliğat kanalları vasitəsilə yayımı təşkil edilib. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən Milli Turizm Təbliğat Bürosu tərəfindən ona tapşırılan işlərin 44 faizinin icrasını həyata keçirib və əksər istiqamətlərdə fəaliyyətə başlayıb. Büronun əsas vəzifəsinin Bakı şəhərinin brendinin formalaşdırılması və marketinq siyasətinin qurulması olduğundan bu sahədə dünyada uğurlu fəaliyyət göstərərək konkret nəticələrə nail olmuş ölkələrin və qurumların təcrübəsi öyrənilib. Eyni zamanda, büro həm daxili, həm də xarici bazarda marketinq siyasətinin hazırlanması və icrası, brend formalaşdırılması sahəsində təcrübəsi olan şirkətlər ilə məsləhətləşmələr aparmış və görüləcək işin ümumi konturları aydınlaşdırılıb.
   
   - Büro uğurlu təbliğat işinin qurulması üçün hansı amilləri vacib hesab edir?
   - Hesab edirik ki, uğurlu təbliğat və təşviqat fəaliyyətinin qurulması üçün genişhəcmli bazar araşdırmalarının aparılmasına və dünyada daim yenilənən turizm trendinin öyrənilməsinə ciddi ehtiyac var. Eyni zamanda, tətbiq ediləcək yeniliklərin uğurlu icrası üçün peşəkar komandanın qurulması, dövlət qurumları arasında işlək əlaqələndirmənin formalaşdırılması, qəbul ediləcək vahid yanaşmanın həm turizm sahəsində fəaliyyət göstərən şirkətlər, həm də müvafiq dövlət qurumları tərəfindən icrasına nail olunması zərurəti mövcuddur. Bakı şəhəri və ümumilikdə Azərbaycan xarici turistlər üçün “kəşf edilməyən” istiqamətlər baxımından olduqca maraqlı marşrutdur və bu istiqamətdə koordinasiyalı əməkdaşlıq qurulacağı və aydın strategiya izlənəcəyi təqdirdə böyük nailiyyətlərə nail olmaq olar. Marketinq fəaliyyətinin həyata keçirilməsi və müvafiq turizm infrastrukturun qurulması böyük maliyyə resursları tələb etsə də, onun ölkə iqtisadiyyatına geri dönüşü daha yüksəkdir və bir çox digər sahələrdən fərqli olaraq daha uzunmüddətli və davamlıdır.
   
   - Təbliğat üçün hansı portallar fəaliyyət göstərəcək və nə zaman hazır olacaq?
   - Büronun komandası artıq xeyli vaxtdır ki, Azərbaycanın turizm təbliğat səhifəsi olan azerbaijan.travel səhifəsinin yenilənməsi ilə məşğuldur. Büro tərəfindən azerbaijan.travel portalı müasir yeniliklər nəzərə alınmaqla (dizayn, portalın mobil telefon və planşetlərə uyğunlaşdırılması, məlumat bazasının yenilənməsi) tam əsaslarla yenidən qurulub və istifadəçilərin xidmətinə verilib. Bir neçə müddət bundan öncə salambaku.travel səhifəsi də hazırlanıb və bu səhifədə Bakının turizm imkanları, şəhərdə yerləşən tarixi abidələr, muzeylər, turistlərin öz vaxtlarını səmərəli keçirə biləcəyi məkanlar barədə informasiyalar yerləşdirilib. Biz çalışırıq ki, bu portallara daxil olacaq insanlar həm Bakı, həm də ölkənin turizm imkanları barədə ətraflı və rahat informasiya əldə etsinlər.
   
   - Büronun fəaliyyəti bölgələrdə turizmin inkişafına necə təsir edəcək?
   - Milli Turizm Təbliğat Bürosu ilkin mərhələdə daha çox Bakı şəhərinin təbliği istiqamətində səylərini birləşdirəcək. Bununla belə, biz eyni zamanda çalışırıq ki, imkan düşdükcə regionların da turizm potensialını təqdim edək. Gələcəkdə bu istiqamətdə işlər daha da artırılacaq və regional turlar da daxil olmaqla, bir sıra yeni turizm marşrutlarının işlənib hazırlanmasına başlanacaq. Regionların fərqli turizm növlərini inkişaf etdirmək üçün geniş potensialı var və gələcəkdə məhz bu sahələrin təbliğinə daha çox diqqət ayrılmasına çalışacağıq.
   
   - Bakının brendi necə formalaşdırılacaq?
   - Bakının brendi kommunikasiya və marketinq proqramının əsas elementi olacaq. Ona görə də, biz çalışırıq ki, məsələyə olduqca peşəkar yanaşaq və brendin hazırlanması zamanı beynəlxalq təcrübəni tam olaraq öyrənək. Brend üzərindən uğurlu marketinq fəaliyyəti quran xeyli şəhərlər var və onların təcrübələri bizə çox böyük kömək edə bilər. Amma bu, o demək deyil ki, biz brendi hazırlayarkən yalnız xarici təcrübəni əsas götürəcəyik. Hər bir şəhərin olduğu kimi, Bakı şəhərinin də özünəməxsusluqları var və brend hazırlanarkən mütləq mənada bu dəyərlər nəzərə alınacaq. Bakının brendi şəhərin siması olacaq və bu mənada mütləqdir ki, onu ölkə xaricində təbliğ etməzdən öncə yerli səviyyədə qəbul olunması baş versin. Yəni, yerli vətəndaşlar brenddən məmnun qalsınlar ki, onu xaricilərə təqdim edərkən də, səmimi olsunlar. Brend yerli və xarici ekspertlərin birgə iştirakı ilə hazırlanacaq və cəmiyyətin fikirləri bu prosesdə vacib yer alacaq. Bununla yanaşı müasir informasiya və kommunikasiya kanallarının yaratdığı imkanlardan maksimum faydalanmaq və Bakı şəhərinin təbliğatını bu kanallar vasitəsilə aparmaq da marketinq strategiyasının əsas istiqamətlərindən biri olacaq.
   
   - Təkcə Bakının brendi formalaşdırılacaq, yoxsa hədəfdə digər bölgələr də var?
   - Hazırda Bakı şəhərinin brendinin formalaşdırılması işi ilə məşğuluq, gələcəkdə bu təcrübədən istifadə etməklə digər regionlarda da analoji işin qurulmasına baxıla bilər.