Sentyabrın 27-də Biləsuvar rayonundakı Cəbrayıl məcburi köçkün qəsəbəsində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ 2” layihəsi çərçivəsində görüş keçirilib.
   Görüşdə ictimai birliyin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Ulduz” jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva, yazıçı Zəka Vilayətoğlu, şairlər Güləmail Murad və İlqar Türkoğlu iştirak ediblər.
   Görüş iştirakçıları öncə Qarabağ savaşı ilə bağlı yeni çıxan kitabların sərgisi ilə tanış olublar. Sonda sərgilənən nəşrlər qəsəbədəki kitabxanaya təhvil verilib. 
   Elçin Hüseynbəyli çıxış edərək, layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və ötən ilin Aprel döyüşlərindən sonra ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.
   Yazıçı xatırladıb ki, oxşar tədbir ötən ilin noyabrında həm bu məkanda, həm də cəbhə bölgələrində keçirilib. Oktyabrın əvvəllərində Cəbrayıl rayonunun işğaldan azad olmuş Cocuq Mərcanlı kəndinə yazarların səfəri planlaşdırılır.
   Sonra Bakıdan gələn qonaqlar çıxış ediblər. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını deyiblər və bu ruhda şeirlər söyləyiblər.